Tokio, 28 avqust , /AJMEDIA/
Tanınmış iordaniyalı tarixçi və jurnalist Ömər Armuti İordaniyanın “Nayrouz” informasiya agentliyinin saytında Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında geniş məqalə ilə çıxış edib.
AJMEDIA xəbər verir ki, “Ömrünü Azərbaycana, öz xalqına və ölkəsinin inkişafına həsr etmiş qadın” sərlövhəli məqalədə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti və Azərbaycan Gimnastika Federasiyasının prezidenti, eyni zamanda, şəfqətli insan və xeyriyyəçi olduğu bildirilib.
İordaniya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Mehriban xanım Əliyeva böyük təcrübəyə malik olduğu üçün 2017-ci ilin fevralında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Məqalədə vurğulanıb: “Prezident İlham Əliyev Mehriban Əliyevanı bu vəzifəyə təqdim edərkən, onun ölkə qarşısında sosial-mədəni və siyasi müstəvidə müstəsna xidmətlərinə toxunub. Mehriban xanım Əliyeva Azərbaycanı inkişaf etdirmək, xalqın sosial problemlərini həll etmək üçün Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən ruhlanaraq, onu özünün idarəçilik istedadı ilə uğurla birləşdirib. O, Prezident İlham Əliyevin sadiq müttəfiqi kimi, ölkənin və xalqın maraqlarına əsaslanan mühüm funksiyaları müvəffəqiyyətlə yerinə yetirir. Böyük məsuliyyəti dərk edən və bundan qorxmayan Mehriban xanım insanların inamını, ümidlərini doğrultmaq üçün var gücü ilə çalışır. O, qaçqınlar, kimsəsizlər, əlillər, şəhid ailələri, müharibə veteranları kimi həssas sosial qruplara böyük diqqət yetirir, dövlət başçısı ilə birlikdə onlar üçün nəzərdə tutulan müxtəlif obyektlərin acılısında iştirak edir”.
Müəllif qeyd edib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fondun maliyyə dəstəyi ilə yüzlərlə uşaq bağçası, uşaq evləri, parklar, məktəblər, idman kompleksləri, məscidlər tikilib.
Yazıda Azərbaycanın birinci xanımının tarixi-memarlıq abidələrinin bərpası, ölkənin qlobal miqyasda müsbət imicinin formalaşmasında çoxşaxəli fəaliyyəti barədə oxuculara geniş məlumat verilib.