Tokio, 16 oktyabr, /AJMEDIA/
İordaniyanın gündəlik əsasda çıxan və ən çox oxunan mətbu orqanlarından olan “Petra” Dövlət İnformasiya Agentliyində, “Nayrouz” qəzetində, o cümlədən İordaniyanın digər mətbu orqanlarında (“Oroba News”, “Əl-Urdun”, “Amman-post.com”, “Nabaajordan.com”, “Alhayatatnews.net”, “Marayanews.com” və “Cleopatranews.com” internet səhifələrində) səfir Eldar Səlimovun “Azərbaycan Respublikasında yaşıl enerji inqilabı: davamlı inkişafa vahid yanaşma” başlıqlı məqaləsi geniş şəkildə işıqlandırılıb.
Ölkəmizin İordaniyadakı səfirliyindən AJMEDIA-ya verilən məlumata görə, məqalədə Prezident İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Sərəncamı üzrə ölkə səviyyəsində həyata keçirilən əhəmiyyətli işlərdən bəhs edilib. Bildirilib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verib. Yazılarda Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair müəyyənləşdirilmiş beş milli prioritetindən biri olan “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmaq üçün ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmini istiqamətində işləri uğurla apardığı qeyd edilib. Azərbaycanın bərpaolunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlməsi istiqamətində ölkə rəhbərliyi tərəfindən mühüm addımların atıldığı, bu xüsusda zəngin külək və Günəş potensialından istifadə edildiyi, həmçinin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağın milli hədəf olaraq müəyyənləşdirildiyi vurğulanıb.
Məqalədə, eyni zamanda, cari il noyabrın 11-22-də Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi cari ilin ən mühüm hadisəsi və Azərbaycanın ətraf mühitin qorunmasına, iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirən mühüm fəaliyyətdir.