Tokio, 16 noyabr , /AJMEDIA/
İsveçin hakim partiyaları ölkənin inteqrasiya siyasətində dəyişiklik edilməsi təklifi ilə çıxış ediblər.
AJMEDIA xəbər verir ki, təklif olunan dəyişikliklər İsveçə yeni gələn bütün mühacirlərin yerli cəmiyyətin tamhüquqlu üzvü ola bilmək üçün İsveç dəyərləri ilə tanışlıq kurslarında iştirak etməsi ilə əlaqədardır.
Yaxın vaxtlarda hökumət gender bərabərliyi, qanunun aliliyi prinsipləri, ifadə azadlığı və uşaq hüquqları kimi məsələlərin tədris ediləcəyi kurslar barədə təklifləri işləyib hazırlamaq üçün komissiya təyin edəcək.
“Bu, sadəcə təklif yox, zəruri tələb olmalıdır. Biz siyasətçilərə insanların Milad və digər bayram tətillərini harada və necə qeyd etmələri, necə rəqs etmələri və ya yemək dəsti alətlərindən necə istifadə etmələri elə də maraqlı deyil. Lakin Konstitusiyaya və ya dəyərlərimizə müdaxilə edildiyi təqdirdə, bu, artıq problemə çevrilir. İnteqrasiya siyasətinə sosial, mədəni, iqtisadi, dil və demokratik inteqrasiya və uyğunlaşma məsələləri daxil edilməlidir”, – deyə inteqrasiya naziri Yohan Person bildirib.
Kursların bitirilməsinin dövlət tərəfindən verilən maliyyə kompensasiyasının alınması üçün şərt kimi müəyyənləşdirilməsi nəzərdən keçirilir. Təklifin cəmiyyətdə tətbiq edilməsinə qərar verilməsi nəticə etibarilə Riksdaqda müvafiq qanun layihəsinin qəbul olunmasına gətirib çıxaracaq.
Qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı hələ ki inteqrasiya nazirindən heç bir təklif daxil olmayıb. Payız və yaz ayları üçün təqdim olunan qanun layihələrinin siyahısında da Əmək Bazarı Departamentinin bununla bağlı təşəbbüsü yoxdur.
Y.Personun sözlərinə görə, təhsil və işlə məşğulluq uğurlu inteqrasiyanın əsas keyfiyyət göstəriciləridir.