Tokio, 8 fevral, /AJMEDIA/
İndoneziya hökuməti “omikron” ştamının yaratdığı problemlərlə əlaqədar Yava adasında əhalinin ən sıx yaşadığı paytaxtda və turizm mərkəzi hesab edilən Bali adasında koronavirusa qarşı məhdudiyyətləri sərtləşdirir.
AJMEDIA xəbər verir ki, bu barədə fevralın 8-də “The Straits Times” qəzeti İndoneziyanın dəniz işləri və investisiyalar naziri Luhut Binsar Pancaitana istinadla məlumat yayıb.
Nazir bildirib ki, yeni qaydalara görə ticarət mərkəzləri, restoran və kafelər yenidən 60 faizdən, əyləncə mərkəzləri 35 faizdən, məscidlər isə 50 faizdən çox ziyarətçi qəbul edə bilməzlər.
“Biz sakinləri qorxutmaq niyyətində deyilik, amma iqtisadiyyata zərər vurmaq istəmirik və problem çox da ciddi olmaya bilər. Hökumət vəziyyəti tam nəzarətdə saxlayır və ola bilər ki, gələn həftədən məhdudiyyətləri yumşalda bilər”, – deyə nazir qeyd edib.
Hazırda koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin təqribən 65 faizinin orta dərəcədə ağır vəziyyətdə olduğunu bildirən nazir, onların müalicəni ev şəraitində davam etdirməsinin mümkünlüyünü də deyib.
Qeyd edək ki, hazırda İndoneziyada gündəlik virusa yoluxma sayı 40 minə yaxınlaşır, halbuki həmin göstərici bir neçə ay əvvəl 100-200 arasında idi. İndoneziya əhalisinin təqribən 48 faizinin peyvəndi qəbul etdiyi də bildirilir.