İlham Əliyevin Brüsseldə qoyduğu nöqtə və ya Ermənistan eyni bataqlıq qarşısında

Tokio, 18 dekabr, /AJMEDIA/

AJMEDIA xəbər verir ki, bu həftənin birinci yarısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AZƏRTAC tərəfindən geniş işıqlandırılan Brüssel səfəri sözün əsl mənasında tarixi səfər oldu. Söhbət təkcə proqramın zənginliyindən və keçirilən görüşlərin keyfiyyətcə məzmunundan getmir, sözsüz ki, bu görüşlərin hər biri ayrı-ayrılıqda xüsusi əhəmiyyət kəsb edirdi. Bu səfər, ilk növbədə, Azərbaycan dövlətinin başçısının NATO-nun Baş katibi Yens Stoltenberq ilə Şimali Atlantika alyansının mənzil-qərargahında keçirilən görüşün nəticələrinə dair jurnalistlər qarşısında çıxışı zamanı “Azadlıq Radiosunun” müxbiri Rikard Jozviakın sualına verdiyi rezonans doğuran cavabla tarixə düşmüşdür. Prezidentin verdiyi cavab həm Azərbaycan cəmiyyətində, həm də bütün bölgədə, ilk növbədə, qonşu Ermənistanda əks-səda doğurdu.

Zəngəzur dəhlizinin hüquqi rejimi məsələsinə toxunan Prezident İlham Əliyev xüsusi olaraq bildirdi ki, o, “Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması”.

Prezident İlham Əliyevin cavabı, ilk növbədə, ona görə həftənin sensasiyası oldu ki, o, Azərbaycanın bu məsələdə mövqeyinə aydınlıq gətirdi və ilk dəfə bu mövqe ictimaiyyət qarşısında son dərəcə aydın və birmənalı şəkildə ifadə edildi. Bununla da bu məsələyə nöqtə qoyuldu və Zəngəzur tranziti necə olacaq və ya necə olmalıdır sualının ətrafında gələcək spekulyasiyalar üçün meydan daraldı.

Bu mövzu ilə bağlı bütün gözlənilməz dəyişiklikləri daha aydın başa düşmək üçün 2020-ci ilin 44 günlük Vətən müharibəsinin sonuncu akkordlarını yada salmaq lazımdır. Xatırladığımız kimi Ermənistanın kapitulyasiyası və üçtərəfli Bəyanatı imzalaması haqqında xəbəri Azərbaycan əsgəri Laçın şosesində möhkəm dayanıb Gorusdan Xankəndinə gedən yolu bağlayaraq qarşılamışdı. İmzalanmış sənədin şərtlərinə görə tərəflər öz mövqelərində qalırdılar. Belə çıxır ki, günümüzdə ermənilərin heç nə olmamış kimi sərbəst şəkildə Ermənistanla Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası arasında hərəkət etdiyi Laçın dəhlizi də olmamalı idi. Özlüyündə, imzalanmış bəyanatın 1-ci bəndinin ifadəsinə və ruhuna uyğun olaraq!

Lakin məhz Azərbaycan bu yoldan öz qoşunlarını çəkdi, diplomatik dillə desək, bu yolu “nəzakətlə təqdim etdi”, lakin bu, “özlüyündə labüd” və olduğu kimi qəbul edilən hərəkət yox, Azərbaycan Respublikasının əsas (yaxud da bəzən deyildiyi kimi “ana”) hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bir vaxtlar bolşeviklərin həmin torpaqlarda yaranmış Ermənistana hədiyyə verdiyi Qərbi Zəngəzur ərazisi vasitəsilə eyni dərəcədə maneəsiz quru nəqliyyat əlaqəsinin açılması müqabilində atılmış addım idi. Laçın dəhlizi bir saniyə belə qalib (!) Azərbaycanın məğlub (!) Ermənistana “birtərəfli qaydada güzəşti” kimi qəbul edilməməli idi və belə hesab edilmirdi. Bu daha çox Ermənistan tərəfindən Azərbaycanın coğrafi cəhətdən ayrılmış iki hissəsi arasında öz xarakterinə görə analoji quru kommunikasiyaların gələcəkdə açılmasına qarşı ilk addım hesab edilirdi. Qarşılığın dərhal verilməməsinin yeganə səbəbi o idi ki, erməni barbarlığı nəticəsində Horadizdən Ordubada qədər uzanan və hələ sovet dövründə tikilmiş dəmiryolu şəbəkəsi artıq mövcud deyildi – orada relslər sadəcə olaraq axmaqcasına sökülərək metal qırıntıları kimi satılmışdı! Əlbəttə, ermənilərə eyni tərsliklə cavab verib Mehri ərazisindən simmetrik kommunikasiyalar bərpa edilməmiş Laçın yolundan çıxmaqdan imtina etmək də olardı. Lakin Azərbaycan nə vaxtsa humanizm və xoş məramda xəsislik edibmi?

Rəşadətli Azərbaycan əsgəri axıtdığı qanın hesabına bir müddət əvvəl üzərinə çıxdığı və Ermənistanın kapitulyasiyasına qədər möhkəm durduğu Laçın yolunu tərk etdi. Geri çəkilmək haqqında əmr verərkən Ali Baş Komandan belə bir ümid və inamı əldə rəhbər tutmuşdu ki, Ermənistan da kapitulyasiya zamanı üzərinə götürdüyü öhdəliklərə, xüsusən də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd edilən öhdəliklərə sadiq qalacaq.

Lakin sənədin altında qoyulan üç imzanın mürəkkəbi qurumamış ermənilərin ilk fırıldaqları başladı. Əvvəlcə, İrəvan öz silahlı birləşmələrini Qarabağdan çıxarmaq barəsində öhdəlik götürdüyü 4-cü bəndə rəğmən nədənsə Azərbaycana hərbi qulluqçuların yeni qrupunu göndərməklə bununla da Azərbaycan komandanlığını anti-diversiya əməliyyatı keçirməyə vadar etdi. Sonra o, nədənsə Bakını tərəflərin öz mövqelərində qalması öhdəliyi sahəsində “üçtərəfli bəyanatı pozmaqda” ittiham edərək, açıq-aşkar unutdu ki, azərbaycanlı xüsusi təyinatlıların Ermənistanın Şirak vilayətindən gələn gözlənilməz və çağırılmamış “qonaqların” qarşısına çıxması başabəla erməni generallarının həmin diversiya qrupunu göndərməsinə legitim və təxirəsalınmaz reaksiyası idi. İrəvan heç ümumiyyətlə yadına da salmadı ki, müharibədən dərhal sonra Azərbaycan ələ keçirdiyi mövqelərdə ləngimədi (halbuki bunu edə bilərdi) və öz qüvvələrini Laçın avtomobil yolundan uzaqlaşdırdı. Bir müddət keçdikdən sonra da İrəvan yeni isteriyaya rəvac verərək Bakını… “hərbi əsirləri” saxlamaqda ittiham etdi, lakin bu arqumentlərə heç fikir vermədi ki, beynəlxalq konvensiyalara görə, ümumiyyətlə, hərbi əsirlər müharibə bitdikdən sonra deyil, onun gedişində olur. Nəhayət, erməni hiyləgərliyinin apofeozu Azərbaycanın Qarabağ iqtisadi regionu ərazisində öz etnik həmyerliləri ilə əlaqə yaratmaq üçün Ermənistanın əldə etdiyi dəhlizə oxşar dəhliz açmaqdan imtina etməsi oldu. Burada isə tamamilə absurd arqumentlər işə düşdü. Bilirsinizmi, üçtərəfli Bəyanatın 9-cu bəndində… “dəhliz sözü yoxdur”, ona görə də Zəngəzur və Laçın tranzitləri, necə deyərlər, “eyni deyil” və indi Ermənistanın həmin dəhlizin giriş və çıxışında öz pasport-gömrük buraxılış məntəqələri qurmaq “hüququ var”.

Aman Allah! Doqquzuncu bənddə “dəhliz” sözünün olub-olmaması məgər vacibdirmi?! Təkcə maneəsiz [kommunikasiya] sözü bunu başa düşmək üçün kifayət deyilmi ki, istənilən post – gömrük, pasport nəzarəti, fitosanitar və ya digər nəzarət elə “maneə” deməkdir və “maneəsiz kommunikasiya” sözləri ilə heç cür uzlaşmır! Başqa sözlə, erməni ekspertlər həmin ölkənin ali siyasi rəhbərliyi kimi “maneəsiz” sözünə göz yumaraq həmin bənddə… “dəhliz” sözünün olmamasından yapışırlar. Guya “dəhliz” sözünün olub-olmaması nəyisə əsaslı surətdə dəyişir.

Erməni politoloji təfəkkürünün yeni “möcüzəsi” – “dəhliz məntiqi” ifadəsi tələsik uydurularaq dərhal dövriyyəyə daxil edildi. Bu ifadə onun müəlliflərinin fikrincə Laçın yolundakı kimi hər hansı baxış və ya nəzarətin olmamasını nəzərdə tutur. “Dəhliz” sözü bəyanatın Laçınla əlaqədar bəndində olduğuna, Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında əlaqələrdən bəhs edən bənddə olmadığına görə onlar qışqırırlar: “ura, işimiz düzəldi” – Zəngəzurda dəhliz “olmayacaq”, gömrük və digər postlar isə “olacaq!”.

Bu halda bir neçə maraqlı sual yaranır.

Birincisi: Əgər hər şey həqiqətən Ermənistanın “ağıllıları” bizi inandırmağa çalışdığı kimidirsə, icazə verin maraqlanaq ki, “dəhliz” sözünün termin olaraq ermənilər tərəfindən anlaşılmasına və interpretasiyasına uyğun gələn tərifi hansı ensiklopediyada və ya beynəlxalq konvensiyada var? Heç olmasa bir istinad verin! Niyə düşünürsünüz ki, dəhliz mütləq qaydada gömrüksüzlük, nəzarətsizlik və ümumiyyətlə “sərbəst gəzintidir”? Nə olsun ki, üçtərəfli bəyanatda söhbət Laçın dəhlizindən gedir! Azərbaycanın bu yolda öz nəzarət-keçid məntəqələrini qurmaq üçün tam hüququ var, xüsusilə də Ermənistanda Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçukun ölkələrin suverenliyinin bütün yollar üzərində saxlanması barədə kontekstdən çıxarılmış sözlərinə istinad etməyi sevirlər (baxmayaraq ki, o, ayrılıqda Zəngəzur seqmentini deyil, bütün kommunikasiya sistemlərini nəzərdə tuturdu). Vəssalam! Deməli, Bakı Laçın rayonunun girişində öz postlarını qurmaq hüququna malikdir, xüsusən ona görə ki, beynəlxalq münasibətlər nəzəriyyəsində “dəhliz” sözünün tərifi yoxdur və o, xüsusilə Laçın dəhlizində postların olmasını istisna etmir.

İkincisi: Əgər “dəhliz” sözü erməni “ekspertlərinin” özlərini və bizləri inandırmağa çalışdıqları kimi sərbəst tranziti nəzərdə tutursa, həmin sözün olmaması isə nəzarət məntəqələri qurmağa imkan verirsə, görəsən Ermənistanda TRACECA, CPEC, BCIM və INSTC kimi abreviaturaların mənasını bilirlərmi? Burada biz yalnız bir neçə məşhur beynəlxalq nəqliyyat və iqtisadi dəhlizləri qeyd edirik. Xüsusilə, bu abreviaturalarda “C” hərfi nə deməkdir? Axı onlar hamısı planetin müxtəlif hissələrində transmilli nəqliyyat dəhlizləridir! Məgər bu dəhlizlər boyu gömrük postları yoxdur? Odur ki, qoy, İrəvanda Laçın dəhlizi ilə bağlı elə də böyük illüziyalar qurmasınlar. Dəhliz dəhlizdir, amma postlar digər beynəlxalq dəhlizlərdə olduğuna görə orada da meydana gələ bilər!

Nəhayət, bu söz kimlərisə elə güclü qıcıqlandırırsa, istəsəniz yolu “Zəngəzur dəhlizi” deyil, “Zəngəzur dəhlizsizliyi” adlandıraq! Məgər məsələ termindədir? Məsələ onun maneəsizliyindədir və bu, imzalanmış üçtərəfli Bəyanatda birmənalı şəkildə müəyyən edilmişdir. Belə də yazarıq – “maneəsiz Zəngəzur dəhlizsizliyi”. Cənab qonşular, bu, sizi qane edirmi?

Nəhayət, sonuncu, necə deyərlər, desert. Ermənistanda, xüsusilə də bu həftə Prezident Əliyevin Brüsseldə bu məsələyə aydınlıq gətirməsindən sonra başa düşməlidirlər ki, İrəvanın tərsliyinin davam etməsi həqiqətən də Laçın rayonunun girişində pasport-gömrük nəzarəti postlarının yaranmasına gətirib çıxara bilər. Düşünürəm ki, bunun perspektivdə (hətta uzaq deyil, yaxın perspektivdə) regionun ümumi mənzərəsinə necə təsir edəcəyini Ermənistanda müstəqil şəkildə bizim sözlərimiz olmadan da anlaya bilərlər. Sadəcə olaraq, eyham vurmaq istərdik ki, Araz çayının iki sahili var. Bir tərəfdə artıq çox yaxşı avtomobil yolu qurulub və ona paralel olaraq müəyyən investisiyalar olarsa, dəmir yolu da meydana gələ bilər. Nə olsun, “A” və “B” məntəqələri arasında iki yeni körpü… Tikilməkdə olan Horadiz-Ağbənd avtomobil və dəmir yolları istənilən halda istismarsız qalmayacaq. Prinsipcə, əgər keçid üçün pul ödəmək və hər cür baxış və nəzarət növlərindən keçmək varsa, hara ödəniş etməyin nə fərqi var?! (şəxsən mənim üçün bu, ritorik sualdır). Bəzi ölkələr xüsusilə sanksiyalar şəraitində gözlənilmədən xəzinəyə əlavə gəlir mənbəyi əldə etməyi çox istəyərdi…

Onda Ermənistan nə ilə üz-üzə qalacaq? Laçın yolunda postlarla, Zəngəzurda mənasız şantajın sıfır bəhrəsi ilə və bütün digər sahələrdə əldən buraxılmış imkanlarla. Bir sözlə, həmişəki kimi sınıq təknə qarşısında. Nəhayət bəlkə, perspektivləri ayıq başla qiymətləndirib eyni bataqlığa girməməyə dəyər?

Follow us on social

Facebook Twitter Youtube

Related Posts