Tokio, 11 aprel , /AJMEDIA/
Aprelin 11-də artıq 11 ildir Azərbaycanda hər il uğurla həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” layihəsinə növbəti dəfə start verilib. İslam Əməkdaşlıq Gənclər Forumunun Bakıda yerləşən Avrasiya Regional Mərkəzi (İƏGF-ARM) və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin 2022-ci il buraxılışı ilk mühazirə proqramı ilə öz işinə başlayıb.
ARM-dən AJMEDIA-ya bildiriblər ki, Bakı Dövlət Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti və digər ali məktəbləri təmsil edən və iştirak üçün müraciət etmiş yüzlərlə tələbələr arasından seçilmiş 100-ə yaxın gəncin iki ay ərzində hər həftə keçiriləcək mühazirələrdə və sonda təşkil olunacaq “İƏT Modeli XİN konfransı” simulyasiyasında iştirakı nəzərdə tutulub.
Akademiyanın bu ilki buraxılışının Bakı Dövlət Universitetində keçirilən açılış mərasimində çıxış edən İƏGF-ARM-in Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov layihənin tərəfdaşı kimi Gənclər və İdman Nazirliyinə, eləcə də Bakı Dövlət Universitetinə təşəkkürünü bildirib, sonra layihənin məqsəd və mühazirə mövzuları barədə iştirakçılara ətraflı məlumat verib. BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov çıxışında universitet və İƏGF-ARM arasında bu proqram çərçivəsində əməkdaşlığa yüksək qiymət verib. İslam Əməkdaşlıq Gənclər Forumunun Baş Qərargahının nümayəndəsi Yunus Çolak İstanbuldan onlayn formatda Beynəlxalq İƏT Modeli haqda iştirakçıları məlumatlandırıb.
Fələstin dövlətinin Azərbaycandakı səfiri Nəssir Əbdül Kərim Əbdül Rəhim “Müsəlman dünyası və Fələstin məsələsi”, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə “Müasir Diplomatiya və Azərbaycan Diplomatiyasının Qarabağ müharibəsində rolu” mövzusunda çıxış ediblər.
Mühazirəçilər tələbələrin müxtəlif suallarını cavablandırıb.
Xatırladaq ki, İƏT Modeli proqramının əsas məqsədləri İƏT məkanında gənclərin beynəlxalq əməkdaşlığının güclənməsinə dəstək vermək, gənclərin və gənclər təşkilatlatları rəhbərlərinin və üzvlərinin diplomatiya, idarəetmə, kommunikasiya sahəsində yeni bilik və təcrübə əldə etməsinə yardım etməkdir. İki ay ərzində keçirilən mühazirələrdən sonra tələbələr “İƏT Modeli XİN konfransı” adlanan simulyasiya oyunlarında iştirak edir və münsiflər heyətinin qərarı ilə xarici dil qabiliyyəti və xüsusi yaradıcılıq bacarığı ilə seçilən tələbələr “Beynəlxalq İƏT Modeli” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanırlar.
Ötən illər ərzində azərbaycanlı tələbələr dəfələrlə ümum-İƏT miqyasını əhatə edən və 40-dan artıq İƏT-ə üzv ölkə nümayəndələrinin iştirak etdiyi “Beynəlxalq İƏT Modeli” yarışmalarında ölkəmizi layiqli şəkildə təmsil ediblər.
Bu il ərzində İƏGF-ARM, həmin tədbiri, həmçinin Pakistan, Tatarıstan, Mərkəzi Asiya respublikaları və İndoneziyada keçirməyi planlaşdırır.