Honduras Prezidenti: Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıyıq

Tokio, 30 yanvar, /AJMEDIA/

Azərbaycanın Hondurasdakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov bu ölkənin yeni seçilmiş Prezidenti Sioamara Kastronun andiçmə mərasimində iştirak edib.

Ölkəmizin Meksikadakı səfirliyindən AJMEDIA-ya bildirilib ki, Hondurasın paytaxtı Tequsiqalpanın mərkəzi stadionunda keçirilmiş mərasimin ardınca ölkədə akkreditə olunmuş və tədbirdə iştirak edən diplomatik nümayəndəliklərin rəhbərləri üçün təşkil edilmiş ziyafət zamanı M.Talıbov Honduras xalqı üçün bu tarixi gündə ilk xanım dövlət başçısı Siomara Kastroya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik və səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Honduras Prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Prezident S.Kastro hökumətinin Hondurasla Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib.

Mərasimdə iştirak edən Hondurasın yeni Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq naziri Eduardo Enrike Reina ilə Məmməd Talıbov arasında qısa söhbət zamanı ikitərəfli əlaqələrin dərinləşdirilməsi potensialı müzakirə edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts