Tokio, 6 may , /AJMEDIA/
Hindistanın şimal-şərqində yerləşən Manipur ştatında etnik zəmində toqquşmalar nəticəsində ölənlərin sayı 54-ə çatıb.
AJMEDIA xarici mediaya istinadla xəbər verir ki, əksəriyyəti hindu olan meytey icması ilə Naqas və Kukis xristian qəbilələri arasında onilliklərdir davam edən düşmənçilik münasibətlərinin mayın 4-də yenidən qızışması ilə yaranan toqquşmaların qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün bölgədə komendant saatı tətbiq olunur. Polis və yarımhərbi qüvvələr toqquşmaların qarşısını ala bilmədiyi üçün əraziyə ordu qüvvələri cəlb edilib. Onlara asayişi pozanların yerindəcə güllələnməsi əmri verilib. Yerli hökumətin məlumatına əsasən, təhlükəsizlik qüvvələri asayişi pozan 5 nəfəri zərərsizləşdirib.
Bölgədə say baxımdan üstün olan meytey icmasının qəbilə statusu almaq üçün istəklərinə qarşı xristian qəbilələrinin başladığı etiraz aksiyaları ilə başlayan toqquşmalar zamanı yüzlərlə bina və avtomobil yandırılıb, dükanlar, kafelər, otellər, habelə 30-a yaxın kilsə dağıdılıb və ya yandırılıb. Zorakılıqlar səbəbindən təxminən 9 min nəfər evlərini tərk edərək, daha təhlükəsiz ərazilərə köçmək məcburiyyətində qalıb. Eskalasiyanın qarşısını almaq üçün 20 min nəfər ordunun nəzarətindəki düşərgəyə yerləşdirilib.
Qeyd edək ki, ştatın əhalisinin təxminən 60 faizini təşkil edən meytey icması 20 ildir qəbilə statusu almaq istəyir. Bu status müxtəlif maddi və sosial imtiyazları, habelə dövlət işinə və ali məktəblərə qəbul zamanı xüsusi kvotanı təmin edir. Ötən ay ştatın ali məhkəməsi ştat hökumətini meytey icmasının qəbilə statusu almaq üçün müraciətinə baxılmasına çağıran qərar qəbul edib. Ştatın Ümumqəbilə Tələbə İttifaqının məhkəmənin qərarına etiraz olaraq Çuraçandpur rayonunda başladığı aksiya toqquşmalarla nəticələnib. Tezliklə toqquşmalar digər rayonlara, habelə ştatın paytaxtı İmfal şəhərinə yayılıb. Bəzi yaşayış məntəqələrində məktəblər, iş yerləri, dükanlar hələ də bağlıdır.