Heydər Əliyev müasir Azərbaycan dövlətinin xilaskarı və qurucusudur

Tokio, 12 dekabr, /AJMEDIA/

Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin üzərini qara buludlar aldı. Bir tərəfdən Ermənistanın təcavüzü, digər tərəfdən həyata keçirilən yanlış siyasət nəticəsində ölkənin vətəndaş müharibəsinə sürüklənməsi Azərbaycanı uçuruma aparırdı. Azərbaycanın şəhidlər qanı bahasına bərpa etdiyi dövlət müstəqilliyi təhlükə altında idi.
Həmin dövrdə ölkəni bu ağır durumdan yalnız zəngin dövlət idarəçiliyi təcrübəsinə malik, qətiyyətli və möhkəm iradəli şəxsiyyət çıxara bilərdi. Belə ağır məqamda Azərbaycan xaqlının yeganə ümid yeri həmin vaxt Naxçıvanda yaşayan Ulu öndər Heydər Əliyev idi. Azərbaycan xalqı ölkəmizi bu ağır durumdan yalnız onun çıxara biləcəyini düşünürdü. Şübhəsiz ki, əgər həmin vaxt Ulu öndər hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycanın hansı durumda olacağını təsəvvür etmək belə çox çətin olardı.
1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha gərginləşməsi ilə ölkənin o dövrdəki rəhbərliyi də bu dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. Beləliklə Heydər Əliyev bütün riskləri nəzərə alaraq xalqın çağırışına cavab verdi. Bakıya gələrək 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi ilk gündən etibarən ənənələrinə sadiq qalaraq idarəçilikdə aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilməyə başlanıldı. Beləcə ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Ulu Öndərin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrlərdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Azərbaycanın müstəqil dövlət kimi tanınması, işğalın qarşısının alınması məqsədilə Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi.
1993-2003-cü illərdə Ulu öndər Heydər Əliyevin atdığı mühüm addımlıar, qəbul etdiyi qərarlar Azərbaycanın sürətli inkişafını təmin etməkə yanaşı, ölkəmizin bugünkü reallıqlarının da əsasını qoydu. Həmin illərdə ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynadı, görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və beynəlxalq aləmdə bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Ulu Öndər Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. İctimai-siyasi sabitlik təmin edildi.
Bu tarixi qayıdış ölkədə ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, sosial-iqtisadi dirçəlişə, dövlətimizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyinin gücləndirilməsinə imkan verdi. Sosial ədalət, milli həmrəylik təmin edildi.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın memarı və böyük dövlət xadimi kimi ən mühüm missiyanı gerçəkləşdirərək yeni tariximizi öz əlləri ilə yazdı.
Onun həyatı və dövlətçilik fəaliyyəti Azərbaycan tarixinin mühüm tərkib hissəsi və ən şanlı səhifələrindəndir. Heydər Əliyev özünün şərəfli fəaliyyətində həmişə xalqa arxalandığı kimi, xalq da həmişə ona arxalanırdı, ona etibar edir və ən ağır günlərində ona pənah aparırdı. Dahi öndərimiz də ən böhranlı məqamlarda xalqının səsinə səs vermiş və onu baş verə biləcək təhlükələrdən qoruyub, xilas edərək inkişaf və tərəqqi yoluna çıxarmışdır.
Ulu Öndərin ən böyük arzusu Azərbaycan xalqını müstəqil, qalib, torpaqlarımızı işğaldan azad edilmiş görmək idi. Azərbaycan xalqı Ulu öndərin dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda fədakarlığını heç zaman unutmayacaq.
Allah rəhmət eləsin!

Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts