Tokio, 13 sentyabr, /AJMEDIA/
Heydər Əliyev Beynəlxalq Aeroportunda əsaslı təmirdən sonra 17/35 uçuş-enmə zolağı yenidən istifadəyə verilib.
Bakı Aeroportundan AJMEDIA-ya bildirilib ki, cari ilin yanvar ayında başlayan yenidənqurma işlərinə uçuş-enmə zolağının asfalt-beton örtüyünün tamamilə dəyişdirilməsi, cihazlarda enmə sisteminin (İLS) yenilənməsi, drenaj sistemlərinin təkmilləşdirilməsi, mövcud sürmə yollarının əsaslı təmiri və əlavə 3 yeni sürmə yolunun inşası daxildir.
Zolağın uzunluğu 3200 metr, eni 60 metr olaraq saxlanılıb. Yenilənmiş və yeni salınmış sürmə yollarının ümumi uzunluğu 4332 metr, eni isə 44 metr təşkil edir.
“Uçuş-enmə zolağının yenidən qurulması hava limanının infrastrukturunun modernləşdirilməsi üzrə strateji planın mühüm tərkib hissəsidir və bu, əməliyyat etibarlılığının artırılmasına, uçuşların təhlükəsizliyinin maksimum səviyyədə təmin edilməsinə yönəlib,” – deyə Bakı aeroportunun direktoru Teymur Həsənov bildirib. O qeyd edib ki, qabaqcıl texnologiyalar və yüksəkkeyfiyyətli materiallardan istifadə zolağın xidmət müddətini əhəmiyyətli dərəcədə uzatmağa və istismar göstəricilərini yaxşılaşdırmağa imkan verir.
Hava limanının müvafiq xidmətlərinin koordinasiyalı fəaliyyəti nəticəsində yenidənqurma prosesi qısa müddətdə, normativ tələblərə və aviasiya qaydalarına uyğun şəkildə həyata keçirilib. Yenilənmiş uçuş-enmə zolağı beynəlxalq təhlükəsizlik standartlarına tam cavab verir və əvvəlki kimi bütün növ təyyarələri qəbul etmək imkanına malikdir.