Heydər Əliyev yoluna sarsılmaz sədaqətin, misilsiz Vətən sevgisinin təzahürü – inkişaf edən müasir Naxçıvan

Tokio, 14 yanvar, /AJMEDIA/

Dünya siyasət aləmində hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanmış görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısındakı xidmətləri tariximizin qızıl səhifələrini təşkil edir. Alman filosofu Hegel belə tarixi şəxsiyyətlər haqqında deyirdi: “Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, ədalətli və zəruri işlər görmüşlər”. Bu işlər mənsub olduğun xalqa, dövlətə ən böyük xidmət nümunəsidir və bu gün qürur duyuruq ki, həmin xidmətlər hər bir azərbaycanlının həyatında özünü göstərib.

Ulu Öndərin quruculuq xəttinin davam etdirilməsi Naxçıvanın inkişafını təmin edib

Ulu Öndərin quruculuq xəttinin davamı sonrakı dövrdə də Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafını təmin edib. Ötən dövrdə Naxçıvanda Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi, əzmkarlıq, siyasi iradə və ən əsası yüksək vətənpərvərlik nümunəsi blokada şəraitində də hərtərəfli inkişafın mümkünlüyünü göstərdi. Bu gün inkişaf etdirilmiş və əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası “Mənim ayrıca bir fəaliyyət proqramım olmayacaqdır. Fəaliyyətimi görkəmli dövlət xadimi Heydər Əliyevin dövlətçilik proqramının Naxçıvanda dönmədən həyata keçirilməsinə həsr edəcəyəm”, – deyən qurucu rəhbərin Vətən və torpaq sevgisinin təzahürüdür.

Xalqımızın ümummilli lideri Heydər Əliyev deyib: “Mən, ümumiyyətlə, demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o, çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, Vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq, böyük işlər görə bilər”.

Müasir kəndlər qədim diyarımızın simasını daha da gözəlləşdirib

Muxtar respublikada inkişaf mərhələ-mərhələ, planlı şəkildə, düşünülmüş formada və perspektivə hesablanaraq həyata keçirilir. Hər şeydən əvvəl, təhlükəsizliyin təmin olunması üçün təxirəsalınmaz addımlar atılıb. Nizam-intizam gücləndirilib, sənaye və kənd təsərrüfatının inkişafı üçün sahibkarlığa geniş meydan verilib, təhsil, səhiyyə və digər sosial sahələrin inkişafı təmin olunub. Genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılıb, şəhər və kəndlər abadlaşdırılıb, yeni yollar, körpülər salınıb, məktəblər, xəstəxanalar, idman kompleksləri istifadəyə verilib. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilib. Belə layihələr kəndlə şəhər arasında fərqi ortadan qaldırıb.

Görülmüş işlərin nəticəsidir ki, artıq bu gün dağ-sərhəd kəndlərində yaşayan sakinlər də şəhərtipli səhiyyə və mədəniyyət müəssisələrindən istifadə edir, yüksəksürətli internet xidmətlərindən yararlanır, rayon mərkəzləri və ya paytaxt Naxçıvan şəhərinə rahat yollarla gedib-gəlirlər. Kənd yaşayış məntəqələrində yaradılmış yeni xidmət mərkəzləri əhalinin keyfiyyətli yerli ərzaq və təsərrüfat malları ilə təminatına, müxtəlif iaşə xidmətlərindən istifadəsinə geniş imkanlar açıb.

Muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə artıb

Bu gün blokada şəraitində yaşayan Naxçıvanda əldə olunmuş inkişaf Vətən naminə çəkilən gərgin əmək və misilsiz əzmkarlığın təcəssümüdür. Muxtar respublikada bütün parametrlər üzrə iqtisadi sabitliyə və davamlı inkişafa nail olunub, daxili imkanlardan səmərəli istifadə edilib, müdafiə, ərzaq və enerji təhlükəsizliyi təmin olunub, sosial layihələrin əhatə dairəsi genişləndirilib. Müstəqillik illərində muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 69 dəfə, sənaye məhsulunun həcmi 117 dəfə, kənd təsərrüfatı məhsullarının həcmi 15 dəfə, informasiya və rabitə xidmətlərinin həcmi 141 dəfə, əsas kapitala yönəldilən vəsaitlər 348 dəfə, nəqliyyat sektorunda yük daşınması 27 dəfə, pərakəndə əmtəə dövriyyəsi 49 dəfə, əhali gəlirləri isə 61 dəfə artıb. Muxtar respublikada 232 elm və təhsil ocağı, 362 mədəniyyət obyekti, 251 səhiyyə obyekti, 29 idman obyekti, 352 inzibati bina, 61 nasos stansiyası, 328 subartezian quyusu, 109 körpü, 1346 istehsal və xidmət sahəsi tikilib, 3918,3 kilometr uzunluğunda avtomobil yolu yenidən qurulub. Bütün sahələrdə əldə olunan nailiyyətlər əhalinin məşğulluğunu da təmin edib, 98 min 775 iş yeri açılıb.

Müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən çox məktəb binası istifadəyə verilib

Ulu Öndərimiz Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirərkən təhsil quruculuğunu həmişə ön planda saxlayırdı. Elm və təhsili davamlı iqtisadi inkişafın əsası hesab edən dahi şəxsiyyət deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz inkişafını təmin etsin, o, mütləq hər şeydən çox təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir”. Muxtar respublikada həyata keçirilən islahatların mərkəzində də təhsil infrastrukturunun müasirləşdirilməsi dayanır. Elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən dövrdə müasir informasiya texnologiyaları ilə təmin olunmuş 200-dən artıq məktəb binası istifadəyə verilib, orta ixtisas və ali təhsil müəssisələri üçün yeni tədris korpusları tikilib, peşə məktəbləri yaradılıb.

Bu gün Naxçıvan şəhərində də, ucqar dağ kəndlərində də şagirdlər kompüterlərdən, elektron lövhələrdən, müasir laboratoriyalardan, fondunda on minlərlə ədəbiyyat olan kitabxanalardan və sürətli internetdən istifadə edirlər. Məqsəd vətənpərvər və təhsilli gənc nəsil yetişdirməkdir. İctimai-siyasi, iqtisadi-mədəni həyatda gənclərin fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi diqqət mərkəzində saxlanılır. Gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq Dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, gənclərin həyat şəraitinin, xüsusilə onların mənzil təminatının yaxşılaşdırılması göstərilən qayğının təzahürüdür.

Müstəqillik illərində muxtar respublikada AMEA Naxçıvan Bölməsinin yaradılması və fəaliyyətinin təşkili, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Bilik Fondunun, Elmin İnkişafı Fondunun yaradılması da elmə və təhsilə göstərilən yüksək dövlət qayğısının daha bir ifadəsidir.

1346 istehsal və xidmət sahəsi yaradılıb

Naxçıvan Muxtar Respublikasında xüsusi mülkiyyətin, kiçik və orta sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır. Sahibkarlara göstərilən dövlət maliyyə dəstəyinin həcminin ildən-ilə artırılması, bu sahədə fəaliyyətə süni müdaxilələrin aradan qaldırılması, bir sıra vergi və gömrük güzəştlərinin tətbiqi sahibkarlıq fəaliyyətinin inkişafına öz təsirini göstərib. Sahibkarlığın inkişafı sahəsində yaradılan şəraitin nəticəsidir ki, ümumi daxili məhsulda özəl bölmənin xüsusi çəkisi artıb, 1346 istehsal və xidmət sahəsi yaradılıb.

Kənd təsərrüfatı məhsullarının istehsalında 15 dəfə artım qeydə alınıb

Sənaye ilə yanaşı, aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Suvarma suyuna olan tələbatın ödənilməsi, aqrolizinq xidmətinin yaradılması nəticəsində kənd təsərrüfatı texnikaları ilə təminatın yaxşılaşdırılması əkinçini torpaqdan ikiəlli yapışmağa sövq edib. Bunun nəticəsidir ki, əkin sahələri və məhsul istehsalı ilbəil artırılır.

Ötən dövrdə kənd təsərrüfatı məhsullarının istehsal həcminin 15 dəfə artması ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verib. Artıq aqrar sahəyə diqqət və qayğı yüzlərlə ailə təsərrüfatı formalaşdırmışdır ki, bu da özünüməşğulluğa mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks tədbirlər, sənaye və aqrar sahənin inkişafında müsbət nəticələrin əldə olunması, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, investisiya imkanlarının artması sürətli inkişaf tempinin qorunub-saxlanmasına, əhalinin rifahının yaxşılaşmasına və sosial problemlərin həllinə səbəb olub.

Enerji təhlükəsizliyi təmin edilib

Naxçıvanın bugünkü inkişafı asan başa gəlməyib. Əvvəllər enerji qıtlığından əziyyət çəkən, ciddi problemlər məngənəsində sıxılıb qalan muxtar respublikanın ötən dövrdə əldə etdiyi ən böyük uğurlardan biri də enerji təhlükəsizliyinin təmin edilməsidir. Bir zamanlar enerjini idxal hesabına əldə edən Naxçıvan Muxtar Respublikası indi enerji ixracatçısına çevrilib. Enerji təchizatı üzrə 60 meqavat gücündə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su elektrik stansiyası, 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 22 meqavat gücündə Biləv Su Elektrik Stansiyası, 20,5 meqavat gücündə “Arpaçay-1” Su Elektrik Stansiyası və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik Stansiyası, 32 meqavatlıq Günəş Elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib.

Əgər 2003-cü ilin sonuna muxtar respublikada 1 elektrik stansiyası fəaliyyət göstərirdisə, 2021-ci ildə bu göstərici 11-ə çatdırılıb. Naxçıvanda elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpa olunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir.

Sənaye məhsulunun həcmi 117 dəfə artıb, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib

Enerji təhlükəsizliyinin təmin olunması muxtar respublikada sənayenin inkişafına zəmin yaradıb, müstəqillik illərində sənaye məhsulunun həcmi 117 dəfə artıb, yüzlərlə sənaye müəssisəsi istifadəyə verilib. Vaxtilə ümumi daxili məhsul istehsalında aqrar sahənin ağırlıq təşkil etdiyi muxtar respublika bu gün sənaye-aqrar regionuna çevrilib. Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində son illər ciddi uğurlar qazanılıb.

Fəaliyyəti dayandırılmış sənaye müəssisələrinin fəaliyyətinin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması, nəticə etibarı ilə, əvvəllər istehsal olunmayan yeni sənaye məhsullarının istehsalına və ümumilikdə, sənaye məhsulu istehsalının dinamik artımına səbəb olub. Bu sahənin inkişafının nəticəsidir ki, indi Naxçıvanda avtomobildən hər cür tikinti materialına qədər, ərzaqdan geyimə qədər hər cür məhsul istehsal olunur.

350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir

Blokada vəziyyətində yaşayan Naxçıvanda əsas məsələlərdən biri də ərzaq təhlükəsizliyinin yerli imkanlar hesabına təmin olunmasıdır. Müxtəlif sahələr üzrə qəbul edilmiş Dövlət proqramlarının icrası muxtar respublikada yerli istehsalın həcminin artmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatına geniş imkanlar yaradıb. Əvvəllər zəruri ərzaq və sənaye məhsullarına olan tələbatını tamamilə idxal hesabına ödəyən muxtar respublikada bu gün 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə artır.

16 min hektardan çox sahədə meşəsalma və meşəbərpa işləri aparılıb

Bir vaxtlar muxtar respublika əhalisi bir tərəfdən erməni işğalı, digər tərəfdən, sözün həqiqi mənasında, aclıq təhlükəsi ilə üz-üzə qalmışdı. Şaxtalı qış günlərində yaşayış məntəqələrində yaranan çörək növbələrində çəkilən əziyyətlər hələ də yaddaşlardan silinməyib. Gecələr evində çıraq lampası yandıran, həyətindəki meyvə ağaclarını kəsib isinən, yarıac-yarıtox yatan naxçıvanlılar ərzaqla da, enerji ilə də özlərini təmin edəcəklərinə, bu gününü yox, gələcəklərini düşünəcəklərinə, ağac əkib yaşıllıqlar salacaqlarına, bir sözlə, evində, yurdunda rahat yaşayacaqlarına inana bilmirdilər.

Müstəqillik illərində muxtar respublikada 16 min hektardan artıq sahədə meşəsalma və meşəbərpa işləri aparılıb. Bu gün Naxçıvanda genişmiqyaslı yaşıllaşdırma proqramı həyata keçirilir. İndi elə bir şəhər, elə bir qəsəbə, elə bir kənd tapmaq olmaz ki, orada yaşıllıqlar, gülkarlıqlar, meyvə bağları salınmasın. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikada yaşıllıqların ümumi sahəsi 0,6 faiz idisə, hazırda 20 faizdən artıqdır. Hazırda tingçilik təsərrüfatlarında yetişdirilən meyvə və həmişəyaşıl tinglər, gül və bəzək kolları daxili tələbatı tam ödəyir.

Təkcə ötən il 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib

Muxtar respublikada inkişafı xarakterizə edən əsas cəhətlərdən biri də tikinti-quruculuq işlərinin həcminin ilbəil artmasıdır. Hər il yaşayış məntəqələrində yeni inzibati binaların və sosial obyektlərin istifadəyə verilməsi, yeni yolların çəkilməsi əhalinin rahat yaşayışına xidmət edir. 2021-ci ildə muxtar respublikada 355 sosial və inzibati obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib, 149 obyektdə tikinti və yenidənqurma işləri isə davam etdirilib.

İstismar olunan avtomat telefon stansiyalarının 90 faizindən çoxu yeni nəsil texnologiyalara əsaslanır

İnkişaf göstəriciləri rabitə və yeni texnologiyalar sahəsini də əhatə edib. Əhaliyə nümunəvi rabitə xidmətinin göstərilməsi məqsədilə müasir rabitə sistemi yaradılıb, ən ucqar dağ kəndlərində belə, genişzolaqlı, yüksəksürətli internet və digər müasir telekommunikasiya şəbəkələri istifadəyə verilib. Hazırda muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 90 faizindən çoxu yeni nəsil texnologiyalara əsaslanır. Qürurla qeyd edə bilərik ki, bu gün muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur, diyarımızın beynəlxalq trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı da təmin edilib. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı var, bütün yaşayış məntəqələrinin genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətlərindən istifadəsi reallaşdırılıb.

Müasir səhiyyə müəssisələri tikilərək əhalinin istifadəsinə verilir

Müstəqillik dövründə muxtar respublikada 200-dən çox səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilib.

“Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir”, – deyən Ali Məclisin Sədri Vasif Talıbovun muxtar respublikada həyata keçirdiyi səhiyyə islahatları sosial siyasətin başlıca istiqamətlərindən biridir. Muxtar respublikada Diaqnostika Müalicə Mərkəzinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Doğum Mərkəzinin, Duzdağ Fizioterapiya Mərkəzinin, rayon mərkəzi xəstəxanalarının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının və digər səhiyyə obyektlərinin istifadəyə verilməsi, tibb müəssisələrinin ən müasir avadanlıqlarla təmin olunması və icbari tibbi sığortanın tətbiqi insan amilinə verilən qiymətin bariz nümunəsidir.

Tarixi abidələr bərpa edilərək Azərbaycan xalqına qaytarılır

Muxtar respublikamızda mədəniyyətə, milli-mənəvi dəyərlərə, tarixi irsə göstərilən qayğını da muxtar respublika rəhbərinin bu sahələrə böyük önəminin ifadəsi kimi dəyərləndirmək olar. Bu günə qədər muxtar respublikada 1216 abidənin qeydə alınaraq tədqiq edilməsi, onlardan 70-dən çoxunun bərpa edilməklə xalqımızın qədim tarixi irsi kimi ona yenidən qaytarılması da bunun ifadəsidir. Bu sırada “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilməsi də xüsusi vurğulanmalıdır.

Naxçıvan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

Ümumilikdə, bütün sahələr üzrə əldə edilən uğurlar Azərbaycanın Naxçıvan Muxtar Respublikasının nüfuzunun getdikcə yüksəlməsinə öz töhfəsini verir, Naxçıvan beynəlxalq idman tədbirlərinə, elmi konfranslara, festivallara ev sahibliyi edir. 2018-ci ildə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilib, Naxçıvanda “Avropa günləri”, Türk Şurası Gənc Liderlərinin ilk forumu, eləcə də TÜRKSOY-un “Türk-İslam əxlaq fəlsəfəsinin qurucu memarları: Türküstandan Anadoluya irfan məktəbinin alimləri” mövzusunda ilk dəfə beynəlxalq konfransı keçirilib.

Dövlətimizin başçısının muxtar respublikaya hər səfəri əlamətdar hadisələrlə yadda qalıb

Muxtar respublikanın yeni inkişaf tempi kimi bir faktı göstərmək kifayətdir ki, cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyəti dövründə dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfərlər edib, onun iştirakı ilə 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisələrinin, istehsal sahəsi və hərbi təyinatlı obyektlərin açılışı olub. Ötən ilin may ayının 10-da muxtar respublikaya rəsmi səfərə gələn Prezident İlham Əliyevin qədim diyarımızda bir neçə obyektin açılışında iştirakı, burada görülən işləri yüksək dəyərləndirməsi hər kəsi qürurlandırdı.

Azərbaycan Televiziyasına verdiyi müsahibədə reallaşan layihələrin, öz həllini tapmış məsələlərin onu çox sevindirdiyini diqqətə çatdırması qədim yurd yerində inkişaf və tərəqqinin yeni mərhələyə qədəm qoymasının dövlət başçısı tərəfindən təsdiqi idi. Ölkə Prezidenti deyib: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”.

Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təmin olunub

Günbəgün inkişaf edən, müasirləşən, abadlaşan Naxçıvan bu gün mənfur düşmən üçün ikiqat gözdağıdır. Ona görə ki, qədim diyarda əsası Ümummilli Lider tərəfindən qoyulan ordu quruculuğu siyasəti bu gün uğurla davam etdirilir. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təmin olunub, şəxsi heyətin peşəkarlığı dəfələrlə artırılıb. Müstəqillik illərində 306 müxtəlif təyinatlı hərbi obyekt tikilərək, yenidən qurularaq və ya əsaslı təmir olunaraq istifadəyə verilib.

Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, Əlahiddə Ümumqoşun Ordu muxtar respublikanın ərazisini qorumaqla yanaşı, İkinci Qarabağ müharibəsində də əsl rəşadət və vətənpərvərlik nümunəsi göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında bunu dəfələrlə yüksək dəyərləndirib: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

Naxçıvan dahi şəxsiyyətin arzularının reallaşdığı məkana çevrilib

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”. Bu gün Naxçıvan Muxtar Respublikası xalqımızın Ümummilli Liderinin arzularının reallaşdığı möhtəşəm məkandır. Ulu Öndərin göstərdiyi yolla qətiyyətlə irəliləyən, onun istəklərini, arzularını, gələcək haqqında planlarını addım-addım yerinə yetirən Naxçıvanda əldə olunan bütün nailiyyətlər Vətənə və xalqa xidmət nümunəsidir. Bu nümunə Ulu Öndərin dövlətçilik məktəbinin layiqli davamçısı – muxtar respublikanın Qurucu Rəhbərinin Heydər Əliyev ideyalarına sədaqətinin ifadəsidir. Prezident İlham Əliyevin də dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün Ulu Öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax, bu inkişafda təcəssüm etdirir”.

AZƏRTAC-ın Naxçıvan bürosu

Follow us on social

Facebook Twitter Youtube

Related Posts