Haaqada “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Tokio, 22 oktyabr , /AJMEDIA/

Niderland Krallığı parlamentinin Nümayəndələr Palatasının (Tweede Kamer) Haaqada yerləşən “Nieuws poort” media mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Benilüks Azərbaycanlıları Konqresinin (BAK) birgə təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AJMEDIA xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın və Niderlandın Dövlət Himnləri səsləndirilib.

Sonra Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulmasını əks etdirən “Zəngəzur” sənədli filmi nümayiş olunub.

BAK-ın sədri Elsevər Məmmədov çıxışında “Zəngəzur” sənədli filminin Qərbi Azərbaycanda yaşamış soydaşlarımızın ağır və əziyyətli həyatını bir daha xatırlatdığını deyib. Bildirib ki, Azərbaycan 30 il separatizmə qarşı mübarizə aparıb, dünya onun haqq səsini eşitməyib. Ancaq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı azad edib. Azərbaycan xalqı “Dəmir yumruq” ətrafında birləşərək, BMT qətnamələrini yerinə yetirib. Növbəti məqsəd Qərbi azərbaycanlıların arzularının reallaşması, onların qədim əcdadlarının yurduna qayıdışıdır. Bu gün Azərbaycanda 30 min erməni yaşadığı kimi, Qərbi Azərbaycandan olan soydaşlarımız da ata-baba yurduna dönərək doğma evlərində yaşamalıdırlar.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov mərkəz haqqında məlumat verərək, yüz il əvvəl qədim Azərbaycan torpaqlarının ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi ədalətsizliyin aradan qaldırılmasının, bununla bağlı hüquqi prosedurlara başlamağın vaxtının çatdığını bildirib. İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər ətraf ərazilərdən olan soydaşlarımızın doğma yurdlarına qaytmasının vacibliyini vurğulayıb. O, doğma torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının müvafiq beynəlxalq təşkilatlarda qaldırılmasına dair işlərin sürətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli Qərbi Azərbaycan İcması və onun Qayıdış Konsepsiyası barədə danışıb. Ermənistandan azərbaycanlıların mərhələlərlə qovulmasından bəhs edən Ə. Ələkbərli soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş fərdi və kollektiv cinayətlərə toxunub. O, Azərbaycan Prezidentinin bu məsələ ilə bağlı prinsipial mövqeyi, icmanın İnzibati binasını ziyarət etməsi, Qərbi Azərbaycan İcmasının üzvlərinin hüquqlarının bərpa olunmasına və onları doğma torpaqlarına qayıtmasına tam dəstəyini ifadə etməsi barədə məlumat verib. Deyib ki, Azərbaycan Prezidentinin dəstəyi icma üzvlərini bir daha ilhamlandırıb.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Məmmədov Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışının siyasi-hüquqi əsaslarından söz açaraq, son iki əsrdə erməni dövlət orqanlarının azərbaycanlılara qarşı sistemli şəkildə apardığı etnik təmizləmə, zorla köçürülmə, zorakılıq, kütləvi qırğın və soyqırımı siyasətinin nəticəsində Ermənistanın ermənilərdən ibarət monoetnik dövlətə çevrildiyini deyib.

İrəvan xanının Almaniyada yaşayan nəticəsi, Qacar nəslinin yaxın qohumlarından olan Əmir Əli Sərdari İrəvani mövzu ilə bağlı Qərbi Azərbaycanın tarixi-mədəni zəmini və onun azərbaycanlı kimliyinə təsiri, ata-baba tarixini bilməyin vacibliyi, müasir dünyada birliyin və vahid siyasətin əhəmiyyəti kimi üç aspektdən təhlili fikirlərini bölüşüb. Qeyd edilib ki, hətta erməni mənbələrinə əsaslanan İrəvan hökmdarlarının siyahısında onların hamısının Azərbaycan əsilli olduğunu görürük. İrəvan xanlığı bölgənin tarixinin, siyasətinin və demoqrafik quruluşunun formalaşmasında həlledici rol oynamışdır. Əcdadlarının tarixini və mədəni irsini paylaşmaq, təşviq etmək bir millətin nümayəndələri arasında birliyi gücləndirir. Bu, onların ümumi keçmişi paylaşdıqlarını və ortaq gələcək üçün birlikdə işləyə biləcəklərini xatırladır. Vurğulanıb ki, dil əcdad tarixinin həlledici amilidir. Ana dilinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlər milli birliyi təmin edir. Dədə -baba tarixinə müraciət və bu sahədə maarifləndirmə yalnız keçmişi qoruyub saxlamağa deyil, eləcə də mədəni kimliyin qorunması, təhriflə mübarizə və gələcək nəsillərin öz irsi ilə güclü əlaqəyə malik olmasını təmin edir.

1988-ci ildə İrəvandan zorla qovulmuş, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə Qərbi Azərbaycandan didərgin salınmış soydaşları adından danışaraq, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların indiki Ermənistanda olan tarixi, dini və mədəniyyət abidələrinin dağıdılmasından, toponimlərimizin erməniləşdirilmsindən söz açıb. Bildirilib ki, ermənilər İrəvanda azərbaycanlı izini silməyə çalışsalar da, buna nail ola bilməzlər, çünki tarixi sənədlər saxlanılır. O, ailəsinə məxsus mülkün sənədlərini hələ də saxladığını, İrəvanda aparılan qazıntılar zamanı azərbaycanlılara məxsus abidələrin aşkarlandığını xatırladıb.

BAK-ın mətbuat katibi Gülnarə Əliyeva soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, hüquqlarının pozulması ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmağın vacibliyinə toxunaraq, bu istiqamətdə görüləcək işlər barədə danışıb. Qərbi Azərbaycandan didərgin salınmış insanların iştirakı ilə müxtəlif dillərdə vidoeçarxların, kitabların hazırlanaraq yayılmasının vacibliyini qeyd edilib. Vurğulanıb ki, Avropada yaşayan Qərbi azərbaycanlıların yerli ictimaiyyətlə görüşləri təşkil olunmalıdır.

BAK-ın vitse-prezidenti Sima Cəfərova, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva çıxışlarında Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə bağlı fikirlərini bölüşüblər.

Konfransda qayıdışın sülh yolu və beynəlxalq hüquq əsasında reallaşdırılacağı bildirilərək, Ermənistandan didərgin salınmış azərbaycanlıların qayıtmaları üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri təqdim edilib.

Çıxış edənlər dədə-baba yurduna geri dönmək, əzizlərinin məzarlarının ziyarət etmək istəklərini bildiriblər.

Tədbirdə Niderlanddakı Azərbaycan və türk icmalarının üzvləri ilə bərabər, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmalarının üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts