Tokio, 24 sentyabr , /AJMEDIA/
Saratov Vilayət Dumasının “Vahid Rusiya”dan keçmiş deputatı, siyasi analitik, tarixçi Dmitri Çernışevski özünün “Youtube” kanalında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərinin nəticələrini şərh edib.
AJMEDIA xəbər verir ki, tarixçi onilliklər boyu davam edən münaqişənin sona çatmasının regiona gətirə biləcəyi perspektivlərdən danışıb:
“Qarabağ müharibəsi İrəvan hökumətinin tam razılığı ilə erməni separatçılarının ildırım sürətli məğlubiyyəti və Rusiyanın hadisələrin gedişatına istənilən təsirindən uzaqlaşdırılması ilə başa çatdı. Bu, yaxın hərbi tarixdə görünməmiş bir hadisədir ki, tərəflərdən biri cəmi bir sutka ərzində tam qələbə qazanıb və hərbi əməliyyatlar qarşı tərəfin rəsmi təslim olması ilə başa çatıb. Hətta amerikalılar belə heç vaxt bunu etməyiblər. Azərbaycan ordusu isə bacardı”, – deyə rusiyalı analitik bildirib.
Çernışevski deyb ki, münaqişənin sona çatması nəticəsində Azərbaycan üçün Türkiyə ilə birbaşa əlaqə yaratmaq imkanı açılır:
“Çünki tamamilə təcrid olunmuş Ermənistanın Bakı ilə sülh bağlamaqdan və bu sülh müqaviləsinə əsasən bu və ya digər formada Ankaradan Bakıya türk nəqliyyat marşrutuna qoşulmaqdan başqa yolu yoxdur”, – deyə tarixçi vurğulayıb.
O, bildirib ki, Azərbaycan büdcəsinə ağır yük yaradan hərbi xərclər olmasaydı, ölkə son 30 ildə baş verəndən daha təsirli iqtisadi sıçrayış edə bilərdi:
“Təsəvvür edin. İlk dəfə olaraq regionda tam sülh perspektivi yarandı. Bu son dərəcə vacibdir. Hətta indi erməni xalqının özü üçün, əslində, müharibənin başa çatması bütün qonşuları ilə sülhə və ölkənin ümumi Qafqaz iqtisadi sisteminə inteqrasiyasına yol açır. Qonşularla döyüşməkdənsə, onlarla dost olmaq daha yaxşıdır. Bu göz qabağındadır. Ona görə də müharibənin nəticələri əlamətdar hesab edilməlidir və çox güman ki, Cənubi Qafqazda uzunmüddətli, davamlı və firavan sülhə yol açır. Buna görə Azərbaycanı təbrik etmək olar”, – deyə Dmitri Çernışevski fikrini yekunlaşdırıb.