Tokio, 29 yanvar , /AJMEDIA/
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib.
AJMEDIA xəbər verir ki, İ.Qaribaşvili bu barədə yanvarın 29-da keçirdiyi brifinqdə bildirib. O, vəzifəsindən getməyinin səbəbləri barədə tam açıqlama verməyib.
Qeyd edək ki, baş nazirin vəzifə səlahiyyətləri istefa verdiyi gündən başa çatır. Hökumət üzvləri-nazirlər isə yeni baş nazir təyin olunanadək səlahiyyətlərini icra edəcəklər. İki həftə ərzində parlament hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yeni baş nazir vəzifəsinə irəli sürdüyü namizədi və onun hökumətinin yeni tərkibini təsdiq etməlidir. Yeni hökumətin təsdiqi üçün parlamentin 76 deputatının səsi tələb olunur.
Bəzi məlumatlara görə, Gürcüstanın Baş naziri vəzifəsinə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze təyin olunacaq. İ.Qaribaşvilinin isə hakim partiyanın sədri vəzifəsinə seçiləcəyi gözlənilir.
Fevralın 1-də isə hakim partiyanın növbədənkənar qurultayının keçiriləcəyi planlaşdırılıb.
İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri vəzifəsini tutub. O bu vəzifədə “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilini əvəz etsə də, 2015-ci il dekabrın 30-da istefa verib. Daha sonra Giorgi Kvirikaşvili Gürcüstanın baş naziri postunda İrakli Qaribaşvilini əvəzləyib.
Qaribaşvili ikinci dəfə Gürcüstan hökumətinin başçısı vəzifəsinə başlamazdan əvvəl ölkənin müdafiə naziri olub və o, 2021-ci il fevralın 22-də ikinci dəfə baş nazir vəzifəsini tutub.