Güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Tokio, 9 mart , /AJMEDIA/

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

AJMEDIA xəbər verir ki, yarışın ikinci günündə – martın 8-də yunan-Roma güləşi üzrə millimizin son 2 üzvü mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kiloqram) dörddəbir finalda macarıstanlı Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. N.Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanı sınağa çəkib. Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan təmsilçimiz rəqibinə heç bir şans tanımayıb və tam üstünlüklə qalib gəlib – 9:0. Güləşçimiz finalda gürcüstanlı İrakli Cimistarişviliylə qarşılaşacaq.

Digər güləşçimiz Adəm Hacızadə (72 kiloqram) debütdə macarıstanlı Atilla Toeşmaqiylə üz-üzə gəlib. Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Rəqib güləşçi ilk hissəni 7:0 hesabı ilə öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt çatmayıb – 5:7.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, Xasay Həsənli (77 kiloqram) Avropa çempionu olub, Ziya Babaşov (63 kiloqram) gümüş, Laçın Vəliyev (87 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) isə bürünc medala sahib olublar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts