Göyçayda şəhidin xatirəsinə tikilən bulaq açılıb

Tokio, 11 iyun , /AJMEDIA/

İyunun 10-da Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində Qarabağ müharibəsi şəhidi Kərim Məmmədkərim oğlu Feyziyevin adına inşa edilən bulağın açılışı olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev, icra aparatının məsul şəxsləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri və şəhidin ailə üzvləri iştirak ediblər.
AJMEDIA xəbər verir ki, əvvəlcə Göyçay şəhər Şəhidlər xiyabaninda şəhidin məzarı ziyarət olunub, üstünə çiçəklər düzülüb və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bulağın açılışında Kərim Feyziyevin qısa və şərəfli ömür yolundan danışılıb. Vurğulanıb ki, K.Feyziyev 1970-ci il fevralın 8-də Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində anadan olub. 1988-ci ildə hərbi xidmətə çağırılıb, 1990-cı ildə xidmətini başa çatdırıb. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq erməni işğalçılarına qarşı döyüşlərə qatılıb. 1992-ci il oktyabrın 4-də Murtudərə əməliyyatında qəhrəmancasına şəhid olub. Hazırda Göyçaydakı Şəhidlər xiyabanında uyuyur.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb, şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.
Şəhidin ailə üzvləri şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Tədbirdə şəhər 9 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts