Tokio, 3 aprel , /AJMEDIA/
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə musiqişünas Gülxanım Əsədzadə çıxış edərək bəstəkarın yaradıcılığından söz açıb.
“Bəstəkarın yaradıcılığına nəzər salanda onun daim axtarışda olduğunun şahidi oluruq, o, milli və klassik musiqi ənənələrini vəhdətinə çalışıb. Ş.Axundova Azərbaycan musiqisinin ustad novatorlarındandır. Şəfiqə Axundova “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə Şərq aləmində opera yazan ilk qadın bəstəkar kimi həkk edib. O bu əsərlə Üzeyir bəy ənənələrini dinləyiciyə yeni müstəvidə ötürüb. Üzeyir Hacıbəylinin xeyir-duası ilə bəstəkarlığa başlayan Şəfiqə xanımın yaradıcılığında mahnı janrı da ana xətt hesab oluna bilər. Bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb. Lakin bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib”,-deyə musiqişünas bildirib.
Sonra tədbir konsert proqramı ilə davam edib. Proqramda teatrın solistləri, Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovalar, Heydər Anatollu, müğənnilər Ayşən Mehdiyeva, Fəxri Kazım-Nicat, Aynur İskəndərli, Rövşən Qəhrəmanov çıxış ediblər. İfaçıları Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.