Tokio, 17 dekabr, /AJMEDIA/
Yeddilər qrupu (G7) ölkələrinin səhiyyə nazirləri koronavirusun “omikron” ştamının sürətli yayılması ilə əlaqədar yaranmış vəziyyəti dünya səhiyyə sistemi üçün ən böyük təhlükə kimi qəbul etməyə çağırıb.
AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə 2021-ci ildə qrupda sədrlik edən Böyük Britaniyanın Səhiyyə Nazirliyi tərəfindən yayılan “yeddilik” təşkilatlarının rəhbərlərinin görüşünün yekunlarına dair birgə bəyanatda deyilir.
“Yoluxma hallarının sayının artımından çox narahat olan nazirlər baş verənlərin qlobal səhiyyə üçün ən böyük cari təhlükə kimi qəbul edilməsi ilə bağlı razılığa gəliblər. Koronavirusla bağlı məlumatları izləmək və paylaşmaq üçün bir-birimiz ilə sıx əməkdaşlıq etmək həmişəkindən daha vacibdir. Bu, sürətlə inkişaf edən vəziyyətin öhdəsindən gəlməkdə bizə çox yardım edəcək”, – deyə məlumatda deyilir.
Bəyanatda vurğulanır ki, nazirlər yeni ştamın yayılması fonunda “diaqnostikaya, genom ardıcıllığa, vaksinlərə və klinik təbabətə bərabər çıxışın vacibliyinə diqqət yetiriblər”. Bəyanatda qeyd edilir ki, onlar, həmçinin “buster” vaksinasiyası və müntəzəm testləşmə ilə bağlı kampaniyanın gücləndirilməsinin zəruriliyi məsələsində də razılığa gəliblər. Nazirlər vaksinlərin paylanması üzrə COVAX beynəlxalq mexanizminə dəstək verdiklərini təsdiqləyiblər və pandemiya şəraitində vaksinlərin, müalicə vasitələrinin və diaqnostikanın inkişafının sürətləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.