Tokio, 02 iyul, /AJMEDIA/
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi çərçivəsində silsilə materiallar hazırlanaraq istifadəçilərə təqdim edilib.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, “Böyük şair, görkəmli maarif xadimi – Seyid Əzim Şirvani” adlı videomaterialda Seyid Əzim Şirvaninin gənclik illəri, mükəmməl təhsili, ilk yaradıcılıq nümunələri, pedaqogika və mətbuat sahəsindəki fəaliyyəti haqqında dolğun məlumat verilir, Şirvaninin poetik nümunələrdən ibarət lirika ilə yanaşı, eyni zamanda, yaradıcılığında realist satira dili ilə dövrün aktual məsələlərinə kəskin münasibət bildirən, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirən görkəmli şair olduğu diqqətə çatdırılır. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şairin maarifçilik fəaliyyətindən bəhs olunaraq, ana dilində açdığı yeni üsullu məktəbin və 1878-ci ildə ibtidai sinif şagirdləri üçün tərtib etdiyi “Rəbiül-ətfal” (“Uşaqların baharı”) adlı dərsliyin Azərbaycan təhsili tarixində əlamətdar bir hadisə olduğu bildirilir. Materialda maarifçilik sahəsindəki xidmətlərinə görə layiq görüldüyü təltif və əsərlərinin dövlət varidatı elan olunması haqqında da məlumat verilir.
“Böyük şair, görkəmli maarif xadimi – Seyid Əzim Şirvani” adlı material kitabxananın rəsmi saytında yerləşdirilib.
Görkəmli şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Gənclər Kitabxanasının rəsmi saytında “Seyid Əzim Şirvani – 190” adlı elektron resurslar bazası yaradılıb. Bazada internet məkanında görkəmli şair və maarifçi haqqında dərc edilən materiallar toplanılır. Bu materiallarda istifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.
Gənclər Kitabxanasının sosial şəbəkə hesablarında mütəmadi olaraq Seyid Əzim Şirvaninin yaradıcılıq nümunələrindən ibarət paylaşımlar, məlumat xarakterli qısa tanıtım çarxları da istifadəçilərə təqdim edilir.