Tokio, 31 yanvar , /AJMEDIA/
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgiləri hazırlanıb.
Kitabxanadan AJMEDIA-ya bildirilib ki, materiallarda Prezident İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin140 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncamın mətni, dövlət xadiminin həyat və fəaliyyətinin əsas tarixləri, Şərqdə ilk demokratik Respublikanın qurulması naminə göstərdiyi xidmətlərlə yanaşı, ədəbi yaradıcılığı, müəllifi olduğu əsərlər haqqında da geniş məlumat verilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda publisistin Azərbaycan, hürriyyət və istiqlal haqqında söylədiyi fikirlər, səs yazıları, foto və videogörüntüləri də yer alır. Biblioqrafik icmalda Rəsulzadənin müəllifi olduğu “Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri”, “Bir kərə yüksələn bayraq, bir daha enməz!”, “Azərbaycan şairi Nizami”, “Qafqaz xatirələri”, “Əsrimizin Siyavuşu”, “Azərbaycan mübarizə yolunda”, “Bakı və Azərbaycan tarixinə dair əsərlər” kimi 20-dən və haqqında Azərbaycan, türk, rus və ingilis dillərində qələmə alınan “Rəsulzadə xatirələri”, “Mühacirlərin mirası”, “Son nəfəsədək Azərbaycan”, “Cümhuriyyət qurucuları”, “Uzaqdakı yaxınlar” kimi 30-a yaxın kitabın annotasiyası və biblioqrafik təsviri təqdim edilir.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında (https://ryl.az/funds/biblioqrafik-gosterici) yerləşdirilib.