Tokio, 9 oktyabr , /AJMEDIA/
Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib ki, onun rəhbərlik etdiyi hökumət Şimali Koreyanın təxribatlarını böyük diqqətlə izləməkdə davam edir.
AJMEDIA xəbər verir ki, bu barədə F.Kişida oktyabrın 9-da Yaponiyanın mərkəzi hissəsində yerləşən Suzuka şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib.
Şimali Koreyanın bazar günü gecə saatlarında buraxdığı iki raketi nəzərdə tutan Baş nazir qeyd edib ki, bu, sentyabrın sonlarından bəri həmin ölkənin yeddinci raket sınağıdır.
F.Kişida əlavə edib ki, Yaponiya lazımi informasiyanın toplanması və təhlili ilə yanaşı, ABŞ və Cənubi Koreya da daxil olmaqla əlaqədar ölkələrlə sıx əməkdaşlığı gücləndirəcək.
Bazar günü aparılan sınaqların sualtı qayıqlardan buraxılan ballistik raketlər olması barədə sualı cavablandıran Baş nazir bildirib ki, hazırda həmin raketlərin növü aydınlaşdırılır.