Tokio, 12 fevral, /AJMEDIA/
Yaponiya hökuməti akademik və işgüzar dairələrin tənqidi fonunda rezident olmayan əcnəbilərin ölkəyə gəlişini asanlaşdırmaq imkanlarını araşdırır.
AJMEDIA xəbər verir ki, bunu fevralın 12-də Yaponiyanın Baş naziri Fumio Kişida bəyan edib. Lakin Baş nazirin sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin nə vaxt tətbiq ediləcəyi barədə məlumat vermədiyi bildirilir.
Qeyd edək ki, hökumətin koronavirusun “omikron” ştamına görə tətbiq etdiyi sərtləşmənin fevralın 28-də başa çatması nəzərdə tutulur.
Baş nazir jurnalistlərə deyib: “Biz “omikron” variantı barədə elmi bilikləri, Yaponiya daxilində və ölkədən kənarda yoluxma şəraitini, həmçinin digər ölkələrin sərhəd nəzarəti tədbirlərini nəzərə alacağıq”.
Agentlik hökumətdəki mənbəyə istinadla bununla əlaqədar məlumatın gələn həftə elan olunacağını da bildirib.
Qeyd edilir ki, son günlər Yaponiyanın akademik və işgüzar dairələri ölkəyə girişə tətbiq edilən qadağaların sərtləşməsinə görə hökuməti kəskin tənqid edirlər. Bu tədbirlər ölkəyə gələn əcnəbi tələbələrin sayına ciddi təsir göstərməklə yanaşı, onların Cənubi Koreya kimi ölkələri seçməsinə də səbəb olub. Həmçinin ciddi işçi qüvvəsi çatışmazlığı ilə qarşılaşan biznes dairələri də hökuməti kəskin tənqid edirlər.
Xatırladaq ki, Yaponiyaya səfərlə bağlı sərt qadağalar noyabrın 30-da qüvvəyə minib, elə həmin gün bu ölkədə “omikron” ştamına ilk yoluxma halı aşkar edilib.