Fukuşima AES-in suyunun okeana axıdılmasının 7-ci mərhələsi başlayıb

Tokio, 28 iyun , /AJMEDIA/

Yaponiyanın Fukuşima atom elektrik stansiyasının (AES) 2011-ci ildəki dağıdıcı zəlzələ və sunami nəticəsində sıradan çıxmış 3 reaktorunun aktiv zonalarının soyudulması üçün istifadə olunmuş suyun Sakit okeana axıdılmasının 7-ci mərhələsi başlayıb.

AJMEDIA Yaponiya mediasına istinadla xəbər verir ki, bu mərhələdə iyulun 16-dək 7800 ton suyun okeana buraxılması planlaşdırılır. Yaponiya hökuməti bəyan edib ki, radioaktiv maddələrdən təmizlənən, lakin tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan suda zərərli maddələrin miqdarı standartlardan xeyli aşağıdır və okeanın ekosistemi üçün zərərsizdir. AES-in operatoru olan “Tokio elektrik enerjisi” şirkəti (TEPCO) suyu okeana buraxmazdan əvvəl tritiumun səviyyəsini Dünya Səhiyyə Təşkilatının içməli su üçün tövsiyə etdiyi səviyyənin təxminən yeddidəbirinə endirmək üçün ona əlavə su qatır.

Qeyd edək ki, TEPCO stansiyanın suyunun okeana buraxılmasına ötən ilin avqustunda başlayıb. İlk altı mərhələdə təxminən 46 min 745 ton təmizlənmiş su okeana axıdılıb. Şirkət AES-in reaktorlarının soyudulması üçün istifadə olunmuş 1,34 milyon ton suyu qarşıdakı 30 il ərzində okeana axıtmağı planlaşdırıb ki, bu da stansiyanın su ehtiyatının 98 faizi deməkdir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) “Fukuşima” AES-in suyunun okeana axıdılmasına razılıq verib. Yaponiya və BAEA-nın mütəxəssisləri suyun ilk partiyası axıdılandan sonra okeandan və balıqlardan götürülmüş nümunələrin analizinin nəticələrinin normalara uyğun olduğunu açıqlayıb. Bununla belə, qonşu ölkələr, xüsusən də Çin və Rusiya Fukuşima AES-in suyunun okeana axıdılmasına qarşı çıxır. Rəsmi Pekin BAEA-nın müsbət rəyini şübhə altına alaraq, suyun okeana buraxılmasının dərhal dayandırılması barədə bir neçə dəfə xəbərdarlıq edib. Hətta Çin Yaponiyadan dəniz məhsullarının idxalını dayandırıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts