Fransanın “La Tribune” portalında Azərbaycan səfirinin məqaləsi dərc olunub

Tokio, 11 yanvar, /AJMEDIA/

Fransanın “La Tribune” portalında Azərbaycanın bu ölkədəki səfiri Rəhman Mustafayevin “Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələri niyə möhkəmləndirmək lazımdır” sərlövhəli məqaləsi dərc olunub.

AJMEDIA xəbər verir ki, məqalədə ölkələrimiz arasında iqtisadi, siyasi və diplomatik sahələrdə konstruktiv münasibətləri yenidən möhkəmləndirməyin vaxtının çatdığı bildirilib, hər iki ölkənin bunda maraqlı olduğu qeyd edilib.

Məqalədə ölkələrimiz arasında qarşılıqlı sərmayə yatırımlarından danışılıb. Fransa ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi mübadilədən söz açılıb, son illərdə ticarət dövriyyəsinin aşağı düşdüyü qeyd edilib. Diqqətə çatdırılıb ki, son illər iqtisadi əməkdaşlığın zəifləməsinin əsas səbəbi ikitərəfli münasibətlərdə siyasi ab-havanın pisləşməsi ilə bağlıdır. Vurğulanıb ki, 2020-ci ilin payızında Ermənistan-Azərbaycan müharibəsi zamanı Fransanın qeyri-obyektiv mövqeyi, 2021-ci ildə münaqişədən sonrakı dövrdə bəzi fransız siyasətçilərin qızışdırıcı bəyanatları və hərəkətləri, onların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizliyi iki ölkə arasında dialoq və əməkdaşlığı çətinləşdirib, əvvəlki illərdə siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əldə olunmuş nailiyyətləri heçə endirib. Vurğulanıb ki, etimad və əməkdaşlığın əvvəlki səviyyəsinə çatması üçün vaxt, xoşməramlılıq, ikitərəfli münasibətlərin gələcəyinə məsuliyyətlə yanaşma və hər şeydən əvvəl, hər iki tərəfin konkret səyləri lazımdır.

“İnanırıq ki, Fransa Cənubi Qafqaz regionunda formalaşmış münaqişədən sonrakı vəziyyətin yeni reallıqlarını anlayacaq və bizim “qırmızı xətlərimiz”in Fransanınkından fərqlənmədiyini dərk edəcək. Bizim üçüncü respublikamızın ərazisi beşinci Fransa Respublikası kimi unitar və bölünməzdir, onun bütün vətəndaşları etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, qanun qarşısında bərabərdir”, – deyə R.Mustafayev məqaləsində bildirib.

Səfir qeyd edib ki, 44 günlük müharibə artıq tarixə çevrilib, münaqişə həll olunub. Bu gün münaqişədən sonrakı dövrdə Azərbaycanın prioritetləri Qarabağ bölgəsinin yenidən qurulması və inkişafı, regionumuzda sülhün və təhlükəsizliyin təmin edilməsidir. Həmçinin işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, işğal zamanı dağıdılmış kənd və şəhərlərin yenidən qurulması, yandırılmış meşələrin, çirklənmiş torpaqların, çay və göllərin bərpası, mədəni və dini irsin bərpasıdır. Bildirilib ki, Cənubi Qafqaz regionu ölkələrinin – Azərbaycan, Ermənistan və Gürcüstan iqtisadiyyatlarını bir-biri ilə, eləcə də qonşu ölkələrlə -Rusiya, Türkiyə və İran, Avropa, Asiya və Yaxın Şərq kimi dünya bazarları ilə birləşdirməyə hesablanmış yeni böyük infrastruktur və nəqliyyat layihələrinin həyata keçirilməsi planlaşdırılır. Qonşu olan ermənilərlə azərbaycanlıların barışığı, Qarabağ ermənilərinin Azərbaycanın hüquqi, iqtisadi və mədəni məkanına inteqrasiyası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması da prioritetlər sırasındadır.

Bütün bu proseslərdə Fransa böyük rol oynaya bilər və oynamalıdır. Böyük dövlət imici təkcə ərazi ölçüsünə və nüvə raketlərinin sayına görə deyil, həm də digər dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət də daxil olmaqla, beynəlxalq hüququn fundamental prinsiplərinə riayət etməklə məsuliyyətli və qərəzsiz siyasət yürütmək qabiliyyətinə əsaslanır.

“Fransaya tez-tez xatırlatdığımız və aktuallığını itirməyən tezisimiz ondan ibarətdir ki, ikitərəfli münasibətlərin inkişafı üçün hər iki ölkə eyni səviyyədə məsuliyyət daşıyır. Azərbaycan öz məsuliyyətini dərk edir və bu istiqamətdə irəliləməyə hazırdır. Fransanı da buna dəvət edirik ”, – deyə məqalədə qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts