Fransa prezidentliyinə namizədin Xankəndinə səfəri onun ölkəsinin “neytral vasitəçi” kimi rolunu heçə endirir

Tokio, 25 dekabr, /AJMEDIA/

Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin nəzarət zonasına səfəri erməni separatizminin xaricdə yaşayan himayədarları üçün növbəti provokasiyaya çevrildi. Çağırılmamış qonaq öz səfəri ilə, görünür, bir il bundan əvvəl erməni kapitulyasiyası ilə başa çatan və artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması üzrə rəsmi Bakının səylərini pozmaq məqsədi güdürdü.

Azərbaycan rəhbərliyinin sülh sazişinin təxirə salınmadan hazırlanmasına başlamaq barədə çağırışları və Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli hökumətlərarası komissiyanın işinin aktivləşdirilməsi fonunda bunun başqa izahı yoxdur. Region sülhün və sabitliyin bərqərar olunması istiqamətində çox ehtiyatla və kiçik addımlarla irəliləyir, iki ölkə arasında sərhədlərin delimitasiyası məsələsi müzakirə olunur, dəhlizlərin və kommunikasiyaların açılması məsələsində ilk müsbət siqnallar var. Amma birdən separatçıların yuvasına yenidən xarici ziyarətçilər gəlir. Özü də bu dəfə elə-belə şəxs deyil, Fransa prezidentliyinə namizəd səfər edir.

Təxminən bir il əvvəl, Azərbaycanın Kəlbəcər rayonu azad olunduğu gün Fransa Senatı hökuməti marionet rejimin “müstəqilliyinin” tanınmasına çağıran qətnamə qəbul etdiyini Bakıda hələ unutmayıblar. Bu rejimin liderləri həmin qətnamənin qəbulundan iki həftə əvvəl müzəffər Azərbaycan Ordusunun qabağından rüsvayçı şəkildə İrəvana qaçmışdılar.

Fransa parlamentinin deputatlarının qeyri-qanuni səfərləri də yaddan çıxmayıb.

İndi də Xankəndiyə Minsk qrupunun həmsədr ölkəsinin prezidentliyinə namizədi gəlir. O qurumun ki, Azərbaycan cəmiyyətində nüfuzu onsuz da aşağıdır. Görəsən, regiona qeyri-qanuni gedən və artıq çoxdan başa çatan münaqişəni bərpa etməyə cəhd göstərən şəxs birdən prezident seçkilərində qalib gələrsə, o halda Fransa qibtə doğurmayan hansı rolda olacaq? Minsk qrupunun vəzifəsi budurmu?

Bəli, iki-üç min erməni əsilli fransız seçicilərin səsini qazanmaq mümkün ola bilər. Lakin nəyin hesabına – ölkənin “neytral” vasitəçi rolunu pozmaqla?

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə görüşünün yekunu üzrə verdiyi bəyanatdan bir ifadəni xatırlatmaq istərdim. Siyasətçi bəyanatında tərəfləri “münaqişənin nəticələrini aradan qaldırmağa” çağırıb. Bu, çox mühüm ifadə özlüyündə təsdiqləyir ki, münaqişə həll olunub və yalnız onun nəticələrini aradan qaldırmaq lazımdır.

Bəzi fransız siyasətçiləri Avropa İttifaqının bu rəsmi mövqeyinə heç də uyğunlaşmır, əksinə, separatçıların boş ümidlərini bərpa etmək məqsədi güdür ki, bu da regionda uzunmüddətli sülhün bərqərar olmasına maneçilik törədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts