Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransa XİN-in Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib

Tokio, 10 sentyabr, /AJMEDIA/

Fransa Koloniyalarının Azadlıq Cəbhəsi Fransanın Avropa və Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycana səyahət xəbərdarlığı ilə bağlı bəyanatına cavab verib.

AJMEDIA xəbər verir ki, bəyanatda deyilir: “Fransanın Baş naziri hələ öz hökumətini formalaşdırmasa da, istefaya gedən daxili işlər nazirinin addımları və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanla bağlı həyəcan xəbərdarlıqları heç kəsi çaşdırmır.

Hökumətin növbəti addımı şübhəsiz ki, “Fransa vətəndaşları”na sözügedən ölkəni ziyarət etməyi tamamilə qadağan etmək olacaq. Bu qərar insan hüquqları və insan və malların sərbəst hərəkəti ilə ziddiyyət təşkil edir, tamamilə qeyri-qanuni olacaq. Fransa dövlətinin addımlarının yalnız bir məqsədi var – Bakı Təşəbbüs Qrupunun Birləşmiş Millətlər Təşkilatı çərçivəsində ona Qoşulmama Hərəkatı tərəfindən verilmiş mandatı yerinə yetirməyə davam etməsinə yol verməmək. Bakı Təşəbbüs Qrupunun missiyası dünyada kolonializmə son qoymaqdır.

Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır – bunun kökündə Bakı Təşəbbüs Qrupunun təşkilata üzv ölkələrin ərazilərinin “insan hüquqları ölkəsi” (Fransa) tərəfindən necə zəbt edildiyini, yerli xalqlara qarşı necə davrandığını və bu gün də davranmağa davam etdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması dayanır. Kanakinin (Yeni Kaledoniya) cari vəziyyəti bunun ən yaxşı nümunəsidir.

Fransa əsarəti altındakı son koloniyalardakı təşkilatların Azadlıq Cəbhəsi koloniyalarını qorumaq üçün ən kobud və antidemokratik hiyləgərliklərə əl atmaqdan çəkinməyən, siyasi tənəzzüldə olan bir ölkənin bu üsullarına qarşı üsyan edir. Burada məqsəd varlığını davam etdirməyə imkan verən maraqlarını qoruyub saxlamaqla böyük dəniz güclərinin hit-paradında yerini qorumaqdır.

Biz öz tərəfimizdən Bakı Təşəbbüs Qrupu ilə BMT-nin müəyyən etdiyi çərçivədə, nəhayət müstəqilliyimizi əldə etmək və xalqlarımızın maraqlarını qorumaq naminə zəruri hesab etdiyimiz hər hansı digər tərəfdaşla bundan sonra da işləyəcəyik”.

Bəyanatı Fransa müstəmləkəsi altında olan ərazilərdəki 14 siyasi hərəkat rəhbəri imzalayıb.

Xatırladaq ki, bu ilin iyulunda Fransa koloniyalarında müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatların rəhbərləri Bakıda birinci qurultaylarını keçirərək Fransa Koloniyalarının Azadlıq Cəbhəsini yaradıblar.

Fransa və Niderlandın 17 koloniyasının səlahiyyətli nümayəndələri Azadlıq Cəbhəsinin yaradılması haqqında Yekun Bəyannaməni imzalayıblar. Həmçinin iştirakçılar Cəbhənin Nizamnaməsini təsdiqləyiblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts