Tokio, 6 sentyabr, /AJMEDIA/
Formula 1 üzrə Azərbaycan Qran-Prisinin Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətə başlayıb.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən AJMEDIA-ya verilən məlumata görə, yarışın başlamasına qısa müddət qalıb və hazırlıqlar plana uyğun davam edir.
Yarışın əsas hazırlıq mərhələlərindən biri olan Uniforma və Akkreditasiya Mərkəzi artıq fəaliyyətə başlayıb. Formula 1 Azərbaycan Qran-Prisinin təşkilinə cəlb olunacaq əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri bu mərkəzə gələrək, akkreditasiya kartları və uniformalarını əldə edə bilərlər. Yarışa qədər 28000-ə yaxın akkreditasiya və formanın verilməsi nəzərdə tutulub.
Avqustun 19-dan etibarən fəaliyyət göstərən Uniforma və Akkreditasiya Mərkəzinə 100-dən artıq könüllü cəlb edilib. Mərkəz fəaliyyət göstərdiyi müddətdə onlar qeydiyyat, akkreditasiya kartlarının hazırlanması, uniformaların verilməsi və sair rolları yerinə yetirəcəklər.
Bu il könüllü olmaq üçün 16000-ə yaxın müraciət daxil olub və onlardan 2000-ə yaxını yarışın təşkilinə cəlb olunub.
Qeyd edək ki, Bakının 8-ci dəfə ev sahibliyi edəcəyi Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də baş tutacaq.