Formula 1-in prezidenti: Azərbaycan dövləti öz imicini dünyaya yüksək səviyyədə çatdırır

Tokio, 13 sentyabr, /AJMEDIA/

Bakıda İtaliyanın İdman Gününə həsr olunmuş “Made in İtaly və Formula 1-in uğur hekayəsi” adlı tədbir keçirilib.

AJMEDIA xəbər verir ki, tədbirdə İtaliyanın dünyanın ən nüfuzlu avtoidman yarışındakı təcrübəsindən və qazandığı uğurlardan bəhs edilib.

Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Fərid Məmmədov Formula 1-in qlobal idman yarışı olduğunu və İtaliyanın da burada mühüm rollardan birini oynadığını bildirib. Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikalini yenidən Bakıda görməkdən məmnunluğunu dilə gətirən F.Məmmədov italiyalı qonaqları İdman Günü münasibətilə təbrik edib.

Formula 1 rəhbəri də öz növbəsində Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb: “Biz yenidən Azərbaycanda olmaqdan həqiqətən çox məmnunuq. Çünki burada Azərbaycan xalqının bizə, F1 pilotlarına sevgisini hiss edirik. Azərbaycan dövləti öz imicini dünyaya yüksək səviyyədə çatdırır. Bakı Şəhər Halqası artıq Formula 1 üçün çox populyar bir məkana çevrilib. Daim gərgin mübarizələrə şahid olan şəhər halqası son vaxtların ən yaddaqalan və həyəcanlı yarışlarına ev sahibliyi edib”.

İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko iki ölkə arasındakı əlaqələrdən söz açıb. O bildirib ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri iki dövlət arasında strateji münasibətləri daha da möhkəmləndirdi: “İnanıram ki, ölkələrimiz arasında məhsuldar əməkdaşlığı daha da inkişaf etdirmək üçün yeni sahələr mövcuddur. Həmçinin məmnuniyyətlə qeyd etmək istəyirəm ki, idman və energetika sahələrində əməkdaşlıq istiqamətləri də mövcuddur. Biz Azərbaycanla idman sahəsində əməkdaşlığı inkişaf etdirmək barədə müzakirələr apardıq. O cümlədən ölkənizin energetika nazirinin müavini ilə də görüşdük. Bu görüş iki ölkə arasında energetika sahəsində də sıx əməkdaşlığın olduğunu göstərir”.

Səfir bugünkü tədbirin dünyada idmanın qlobal əhəmiyyətinin təşviqinə yönəlmiş təşəbbüs olduğunu qeyd edib.

Azərbaycanda olmaqdan son dərəcə məmnunluğunu bildirən Luka Di Canfrançesko tədbirin Bakıda 8-ci dəfə keçirilən və artıq dünyada məşhurlaşmış Formula 1 Azərbaycan Qran-Prisi ilə üst-üstə düşdüyünü vurğulayıb.

Çıxışlardan və panel müzakirələrdən sonra tədbir bədii hissə ilə davam edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts