Fobiyanın yaratdığı narahatlıqlar

Tokio, 25 yanvar , /AJMEDIA/

Qapalı məkan, yüksəklik, izdiham, su qorxusu və digər səbəblər bəzi adamlarda fobiyaya səbəb olur. Həmin qorxular narahatlıq yaratsa da, psixoloqa getməyə ehtiyac duymurlar. Mütəxəssislər isə fobiyalara psixoloji kömək olmadan qalib gəlməyin mümkün olmadığını deyirlər.
AJMEDIA xəbər verir ki, psixoloq Ofelya Əliyeva deyib: “Bədənimiz hər hansı bir şərtləndirici olmadan və yaxud da ən kiçik reaksiyaya ölümcül şəkildə – ürək döyünməsi, nəfəs tıxanması, əsmə, titrəmə, qorxma kimi reaksiya verirsə, bu, artıq fobiya əlamətidir. Çox vaxt fobiyanın hansısa bir səbəbdən sonra yarandığını fikirləşirlər, amma əslində belə deyil. Hər kəsdə qayğılar, təşviş pozuntuları, çox ciddi narahatlıqlar ola və bu, hansısa əşya və ya hadisəyə sirayət edə bilər. Onun korreksiyası yalnız psixoterapiya ilə mümkündür”.
Qorxular həddindən artıq dərəcədə narahat etməyə başlayanda sağlamlıq üçün də ciddi problemlər yaradır. Həkim-nevropatoloq Mehriban Məmmədovanın dediyinə görə, həmin hal əsasən ürək-damar xəstəlikləri ilə nəticələnir: “Qorxu, həyəcan hissi, obsessiv – kompulsiv pozuntular, bəzi xəstələrdə panik atak formasında büruzə verən fobiyalar – hamısı əsəb pozuntularına aiddir. Onun müalicəsi zamanı ən çox antidepressant dərmanlara üstünlük verilir. Çox vaxt ürək-damar sistemində problemlər yaranır, həmin xəstələrdə yanaşı olaraq endokrinoloji xəstəliklərin də əmələ gəlməsi mümkündür”.
“Qorxulu bir şey varsa, o da qorxunun özüdür”, – deyirlər. Qorxulara qalib gələrək fobiyalardan azad olmaq ən yaxşı yoldur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts