Tokio, 7 oktyabr , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, Finlandiya azərbaycanlıları Avropa Parlamentini qərəzdə və ədalətsizlikdə ittiham edib
Finlandiyada yaşayan Azərbaycan icması Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi 5 oktyabr 2023-cü il tarixli qətnaməyə sərt etirazını bildirib.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiyadakı koordinatorluğu və “Azər-Türk” Gənclər Təşkilatının adından Avropa Parlamentinə ünvanlanan müraciətdə ikili standartların təzahürü olan qətnamə pislənilib. Bildirilib ki, Azərbaycan əsilli finlandiyalılar bu addımı qərəzli və ədalətsiz hesab edirlər. Çünki son 30 ildən çox müddət ərzində məhz Azərbaycan etnik təmizləmə, təcavüz və işğalın qurbanı olub.
Qarabağda keçirilmiş son antiterror tədbirlərinin Ermənistan silahlı qüvvələrinin çoxlu sayda hərbi təxribatlarına və mina terroruna cavab olduğu, ölkənin ərazi bütövlüyünü bərpa etmək və məcburi köçkünlərin hüquqlarını qorumaq məqsədi daşıdığı vurğulanıb. Avropa Parlamentinin mövqeyinin isə ədalət, beynəlxalq hüquq və özünümüdafiə hüququnu pozduğu diqqətə çatdırılıb.
Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmağın yolunun dialoq və əməkdaşlıqdan keçdiyini xatırladan Finlandiya azərbaycanlıları Avropa Parlamentini vəziyyəti balanslı və ədalətli şəkildə qiymətləndirməyə çağırıb.