Tokio, 5 aprel , /AJMEDIA/
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin, Bakıdakı Rus Evinin və Filarmoniyanın təşkilatçılığı ilə konsert keçirilib. Bayram konserti Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub.
AJMEDIA xəbər verir ki, tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin olduğunu qeyd edib, humanitar sahədə də səmərəli əməkdaşlığı vurğulayıb. Öz növbəsində, Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev diqqətə çatdırıb ki, Azərbaycan və Rusiya arasında münasibətlər dərin tarixi köklərə malikdir. O, mədəniyyət sahəsinin ölkələrimiz arasında əlaqələrin inkişafında prioritet sahələrdən biri olduğunu qeyd edib.
Sonra Azərbaycan Respublikasının Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri bayram konsertini açıb. Solistlər – Əməkdar artistlər Aleksey Miltıx (violonçel), Fəridə Məmmədova (soprano), beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova (skripka), İlham Nəzərov (bariton) və Cəlal Kərimovun (bariton) ifasında Pyotr Çaykovskinin “Noktürn”, “Rus rəqsi”, Oqtay Zülfüqarovun “Muğam və rəqs”, Fikrət Əmirovun “Sevgi rəqsi”, Georgi Sviridovun “Çovğun”, Müslüm Maqomayevin “Azərbaycan” və digər əsərləri səsləndirilib.