Filadelfiya şəhərində Azərbaycanın Dövlət Bayrağı qaldırılıb

Tokio, 4 iyun , /AJMEDIA/

AJMEDIA xəbər verir ki, ABŞ-ın Filadelfiya şəhərinin meri Ceyms Kenni 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Müstəqillik Günü ilə bağlı imzalanan bəyannamədə qeyd olunur ki, ABŞ-da ilk “Ümumdünya irsi şəhəri” kimi tanınan Filadelfiya şəhərində bir çox millətləri təmsil edən icmalar mövcuddur, bu isə Filadelfiyanın mədəniyyətini, incəsənətini zənginləşdirən müxtəlifliyin rəmzidir. Həmin icmalardan biri Azərbaycan icmasıdır.
Bəyannamədə 1918-ci il mayın 28-də Azərbaycanın öz müstəqilliyini elan edərək müsəlman aləmində ilk demokratik və dünyəvi parlamentli respublikasını qurduğu bildirilir: “Azərbaycan Xalq Cümhuriyyəti digər demokratik dövlətlər, o cümlədən Amerika Birləşmiş Ştatları tərəfindən tanınıb. Müstəqil Azərbaycan irqindən, cinsindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, bütün insanlara səsvermə hüququ verib. Bildirilir ki, qadınlara və kişilərə bərabər siyasi hüquqları, siyasi vəzifələrdə işləmək hüququ, təhsil və sosial sistemlərində bərabər hüquqlar verən ilk müsəlman çoxluğu təşkil edən dövlət olub. 1920-ci ildə Azərbaycan bolşeviklərin işğalına məruz qalıb və 1922-ci ildə SSRİ-nin tərkibinə daxil edilib. 1991-ci ildə isə Azərbaycan Respublikası yenidən müstəqilliyini qazanaraq suverenliyini bərpa edib”.
Qeyd olunur ki, Filadelfiya administrasiyası Azərbaycan icmasının üzvlərinin məhz bu şəhəri yeni yaşayış yeri seçməsini təqdir edir və bununla qürur duyur. Filadelfiya sakinlərinə Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlıq tövsiyə olunur.
Bununla əlaqədar olaraq, ABŞ-ın Filadelfiya şəhərində iyunun 3-ü “Azərbaycanın Milli Günü” elan olunub və şəhər meriyasının qarşısında Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.
Filadelfiya meri Ceyms F.Kenni şəhər sakinlərini Azərbaycan icmasının töhfələrindən xəbərdar olmağa səsləyib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts