Fərid Qayıbov “Gənc idman liderləri” proqramının iştirakçıları ilə görüşüb

Tokio, 17 avqust, /AJMEDIA/

Gənclər və idman naziri Fərid Qayıbov “İdman Paytaxtı” Quba şəhərində “Gənc idman liderləri” proqramının iştirakçıları ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində keçirilən görüşdə proqram çərçivəsində “Gənclərin liderlik, idarəetmə və effektivlik simulyasiyası” təşkil edilib.

Tədbirdə 15 universiteti təmsil edən 30-dan çox gənc, eləcə də idman səfirləri, Azərbaycan İdman Akademiyasının prorektorları iştirak ediblər. Gənclər “Beynəlxalq idman diplomatiyası: Qlobal sülh və inkişaf üçün idmanın rolu”, idman tədbirlərinin və idman diplomatiyasının ölkələrarası münasibətlərə təsiri, konfliktlərin azaldılması və qlobal inkişaf məqsədləri barədə çıxışlar hazırlayıb, müzakirələr aparıblar.

Layihənin məqsədi gənclər arasında idman sahəsi üzrə maarifləndirmə aparılması, onların natiqlik, əsaslandırma, təqdimat sahəsində biliklərini artırmaq, idman vasitəsilə komanda işi, liderlik və əzmkarlıq kimi əsas bacarıqlarını inkişaf etdirməkdir.

Avqustun 18-dək davam edəcək layihə çərçivəsində idman liderliyi, komanda quruculuğu üzrə təlim sessiyaları, enercayzerlər, qrup müzakirələri, rol oyunları, simulyativ xarakterli iclaslar keçiriləcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts