Tokio, 9 iyul , /AJMEDIA/
“Euronews” telekanalının hazırladığı videoreportajda Azərbaycandakı Şirvan Milli Parkından bəhs edilib.
AJMEDIA xəbər verir ki, “Azərbaycanı kəşf edirik” proqramının sonuncu buraxılışında “Euronews” telekanalının müxbiri Anka Ulea Şirvan Milli Parkında olub və Bakının ətrafının müxtəlif təbiət mənzərələrini araşdırıb.
Proqramda qeyd olunur ki, Azərbaycanın paytaxtından bir saat yarımlıq məsafədə yerləşən park 2003-cü ildə yaradılıb və 1960-cı illərdə intensiv inkişaf və brakonyerlik nəticəsində nəsli kəsilmək üzrə olan ceyranları qorumaq məqsədi daşıyırdı.
Səfər zamanı Anka Ulea Şirvan otlaqlarında olub və ceyranları yaxından görmək üçün müşahidə göyərtəsinə qalxıb. Reportajın necə hazırlandığını təsvir edən məqalədə deyilir: “Hazırda Şirvan Milli Parkında 7000-ə yaxın ceyran var və bu, Qafqaz regionunda ən böyük populyasiyalardan biridir”.