Ermənistanla sərhəddə buraxılış məntəqəsi qurmaqla Azərbaycan müstəqil siyasət yeritdiyini bir daha bütün dünyaya nümayiş etdirdi

Tokio, 26 aprel , /AJMEDIA/

Azərbaycanın Laçın-Xankəndi yolunda qurduğu sərhəd-buraxılış məntəqəsinin çox böyük beynəlxalq əhəmiyyəti var. Belə ki, 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgəyə qanunsuz silah-sursat daşınmasını, həmçinin separatçıların və onların havadarlarının Azərbaycanın icazəsi olmadan ərazilərimizə daxil olmasını müşahidə edirdik. Həm 30 illik işğal dövründə, həm də son iki il yarım müddətdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı prosesi baş verirdi. Nəticədə təbiətimizə çox böyük ziyan dəyirdi. Hesab edirəm ki, sərhəd-buraxılış məntəqəsinin qurulması həm Azərbaycanın tələb elədiyi beynəlxalq hüquq tərəfindən nizamlanan, həm də ölkəmizin haqqı olan bəzi məsələlərin qaydaya düşməsinə səbəb olacaq.
Bu gün Cənubi Qafqazda Azərbaycanın rəhbərliyi ilə çox mühüm iqtisadi layihələr reallaşır. Postpandemiya dövrünün iqtisadi inkişafı məhz Azərbaycanın mərkəzində dayandığı layihələrin həyata keçirilməsi ilə mümkün olacaq. Həmçinin sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağın dirçəldilməsindən sonra bölgənin turizm mərkəzinə və iqtisadi mərkəzə çevrilməsi prosesində mühüm mərhələ olacaq. Azərbaycan artıq öz ərazilərinə kimlərin daxil olacağına nəzarət etməklə bərabər, həmçinin quraşdırılmış yüksək səviyyəli texnologiyalar vasitəsilə Qarabağa daşınan və oradan çıxarılan yüklərdən də məlumatlı olacaq.
Azərbaycan digər ölkələrin öz ərazilərində sərhəd-buraxılış məntəqələrini qurmasına müdaxilə etmir. Digər dövlətlər də Azərbaycanın öz ərazisində sərhəd-buraxılış məntəqəsi qurmasına əsla qarışa bilməz. Azərbaycanın öz suveren ərazilərində sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı proqnozları aylar əvvəl verilmişdi. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquq kontekstində hər bir dövlətin öz ərazilərində sərhəd-buraxılış məntəqəsi qurması onun müstəsna hüquqlarından biridir.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan suveren ərazilərində qanuni hüquqlarını yüksək səviyyədə təmin edib. Ölkəmizin son dövrlərdə Ermənistana, həm də Xankəndi və ətrafında müvəqqəti yerləşmiş Rusiya sülhməramlılarına xəbərdarlıqlarına baxmayaraq, Ermənistandan ərazilərimizə qanunsuz silah-sursat daşınması prosesi sürətlə davam etdirilirdi. Bu baxımdan da sərhəd-buraxılış məntəqəsinin qurulması ilə ərazilərimizə qanunsuz yüklərin daxil olmasının qarşısı alınacaq. Bu hüquqi addımın atılması Azərbaycanın növbəti qələbələrindən biridir.
Vüqar Ağayev

Follow us on social

Facebook Twitter Youtube

Related Posts