Ermənilərin Xocalıda dinc sakinlərə qarşı törətdiyi qətliam insanlıq adına ləkədir

Tokio, 19 fevral, /AJMEDIA/

1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir. Dinc insanlara qarşı qətliam törədilməsi, qocaların, qadınların, uşaqların öldürülməsi insanlıq adına ləkədir.

AJMEDIA AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikir Beyləqan rayon Heydər Əliyev Mərkəzinin və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı – Qan yaddaşımız” adlı tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova Xocalı faciəsi barədə ətraflı məlumat verib. Bildirib ki, XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırımı cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali – qadın, uşaq və yaşlılar amansızcasına qətlə yetirilib. Faciəyə ilk dəfə hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib.

Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Zərifə Məmmədova çıxışında ermənilərin iki əsrdən artıq həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətindən, törədilən kütləvi qırğınlardan, Xocalıda dinc insanlara qarşı qanlı cinayətlərdən, faciənin dünyada tanıdılması istiqamətində həyata keçirilən genişmiqyaslı fəaliyyətdən bəhs edib.

Mərkəzin könüllüsü Mələkxanım Salahlı vurğulayıb ki, Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası istiqamətində apardığı məqsədyönlü siyasət, dünya azərbaycanlılarının və ictimai təşkilatların dəstəyi ilə həyata keçirilən tədbirlər, o cümlədən “Xocalıya ədalət!” kampaniyası Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılmasında, qəsbkarların əsl simasının açılmasında önəmli rol oynayıb.

Tədbirdə Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri “Vətən üçün gedirəm” adlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Sonda mərkəzin əməkdaşları tərəfindən hazırlanmış film nümayiş olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts