Tokio, 20 yanvar , /AJMEDIA/
Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində anım tədbiri keçirilib.
AJMEDIA xəbər verir ki, tədbirdə Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimiz və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər. Səfirliyin akkreditə olunduğu Bəhreyn və Omanda yaşayan həmvətənlərimiz tədbirə virtual formatda qoşulublar.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu bildirib. Natiq qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o zaman üçün ən müasir silahlarla silahlanmış 30 min sovet hərbçisi Bakıda dinc əhaliyə qarşı dəhşətli cinayət törədib. Sovet ordusu tərəfindən 147 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini qeyd edən səfir, hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli Lider Heydər Əliyevin faciənin təşkilatçılarını şiddətli şəkildə qınadığını, ifşaedici və cəsarətli bəyanat verdiyini xatırladıb.
Ş.Abdullayev bildirib ki, 20 Yanvar hadisələri həm də Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Natiq bu faciənin xalqımızın azadlıq və suveren dövlət qurmaq əzmini daha da möhkəmləndirdiyini, milli məfkurənin formalaşmasında dönüş nöqtəsi olduğunu, Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb. Səfir 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada nüfuzlu dövlətə çevrildiyini qeyd edib. O bildirib ki, 2020-ci ildə Vətən müharibəsində qazanılan parlaq qələbə və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası bu əzmkar mübarizənin məntiqi nəticəsidir
Daha sonra həmvətənlərimiz Qanlı Yanvar faciəsi ilə bağlı ürək sözlərini bölüşüblər. Səudiyyə Ərəbistanında yaşayan həmvətənlərimiz Mətanət Süleymanova (Duyğulu) və Nigar Xəlilova Qanlı Yanvar faciəsinə həsr etdikləri şeirləri oxuyublar.
Tədbirdə Omanda yaşayan azərbaycanlı musiqiçi Emilya Mütəllibzadənin 20 Yanvar faciəsinə həsr etdiyi videoçarx nümayiş etdirilib.