Elçin Mirzəbəyli: Prezident İlham Əliyevin adı Türk dünyasının tarixinə ən böyük Qələbəyə imza atan Ali Baş Komandan kimi yazıldı

Tokio, 14 Noyabr, /AJMEDIA/

Azərbaycan tarix boyu türk dünyasının ideya, fikir mərkəzi rolunu oynayıb, türk xalqları arasında ortaq dil, mədəniyyət və birlik körpüsü missiyasını yerinə yetirib. Təsadüfi deyil ki, bu gün dünyanın siyasi xəritəsində mövcudluğu qürur doğuran bütün türk dövlətlərinin rəmzlərində müsəlman Şərqində dünyaya günəş kimi doğan Azərbaycan Xalq Cümhuriyyətindən və təbii ki, onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasından Türk Dünyasının gələcəyinə işıq saçan bir zərrə var.

Bunu AJMEDIA-ya açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Cəmaləddin Əfqaninin, Əlibəy Hüseynzadənin, İsmayıl Bəy Qaspıralının bir zamanlar türk xalqlarının milli birliyinin ideoloji inkişaf xəttini müyyənləşdirən fikirlərinin ulu öndər Heydər Əliyevin “Bir millət – iki dövlət” düsturunda daha real, daha praqmatik bir məcraya istiqamətləndirilməsi reallıqdır: “Azərbaycan və Türkiyənin misilsiz qardaşlıq münasibətlərinin, strateji müttəfiqliklərinin, həyata keçirdikləri ortaq layihələrin uğurlu nəticələri türk dövlətlərinin ortaq dil, tarix və mədəniyyət platforması üzərindən təşkilatlanması ideyasının cazibədarlığını daha da artırdı, bu prosesin bütün türk dövlətlərini əhatə etməsi qarşılıqlı etimad mühitinin formalaşması üçün əlverişli zəmin yaratdı”.

Siyasi ekspert vurğulayıb ki, Prezident İlham Əliyev qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla birlikdə “Bir millət – iki dövlət” ideyası üzərindən Azərbaycan-Türkiyə münasibətlərini tarixinin ən yüksək zirvəsinə yüksəltdi, iki qardaş ölkənin sarsılmaz birliyinin polad dayaqları üzərindən bütün qardaş xalqların və dövlətlərin bir araya gəlməsinə, bölgədə yaşayan bütün xalqların təhlükəsizliyinə, firavan həyatına təminat verən əməkdaşlıq modelinin ortaya çıxmasına şərait yaratdı: “Prezident İlham Əliyev Türk dünyasının böyük söz və düşüncə adamlarından biri olan İsmayıl Bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” ideoloji düsturunun tarixin heç bir dönəmində sonunadək baş tutmayan, real nəticə verməyən hissəsinin – işdə, əməldə birliyin həyata keçirilməsi kimi ən ağır, ən məsuliyyətli missiyasına siyasi həyatının ən müqəddəs məfkurələrindən biri kimi sahibləndi, sözün, fikrin və işin vəhdətindən yeni və strateji baxış bucağına malik olan əməkdaşlıq modelinin formalaşmasına nail oldu.

Prezident İlham Əliyevin adı Türk dünyasının tarixinə Çanaqqala zəfərindən sonra ən böyük qələbəyə imza atan, türk xalqlarının qürurunu yüksəldən, özünəinam hissini qaytaran Ali Baş Komandan kimi yazıldı. Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin torpaqlarımızın azad edilməsi uğrunda nümayiş etdirdikləri misilsiz qəhrəmanlıq nümunələri Türk dünyasını silkələdi, özünə qaytardı, gələcəyə daha böyük inamla baxmasına imkan verdi. Dövlətimizin başçısının Ali Baş Komandan kimi döyüş əməliyyatlarının həyata keçirilməsində, Azərbaycan Respublikasının Prezidenti kimi diplomatik müstəvidə və informasiya müharibəsində nümayiş etdirdiyi yüksək liderlik keyfiyyətləri türk tarixinin şərəfli səhifələrinin yenidən yazıldığına və bundan sonra da yazılacağına əminlik yaratdı”.

“44 günlük müqəddəs savaş günlərində bütün dünya türklərinin ürəyi Azərbaycanda döyünürdü”, – deyən E.Mirzəbəyli bildirib ki, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr və dünyanın çoxsaylı ölkələrində – öz tarixi vətənlərində yaşayan bütün digər türk xalqlarının təmsilçiləri Azərbaycan Prezidentinin hər çıxışını, atdığı hər addımı böyük həyəcanla izləyir, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə, Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitləri ilə qürur duyduqlarını bildirirdilər. O həyəcanlı və şərəfli günlərdə bütün türk dünyasının ürəyi Azərbaycanda, Qarabağda döyünürdü. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi bütün qardaş xalqlar üçün böyük stimula, kinetik enerjiyə çevrildi, Türk Dünyasının birliyinə və bu birlik üzərindən ortaq təhlükəsiz gələcəyin qurulmasına olan inam hissini artırdı.

Onun sözlərinə görə, rəşadətli Ordumuzun Zəfərinin nəticəsi olaraq, Ermənistanın imzaladığı kapitulyasiya aktında Prezident İlham Əliyevin israrlı mövqeyi nəticəsində Azərbaycanı Naxçıvanla və təbii ki, bütün Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı məğlub ölkənin üzərinə qoyulan öhdəliyin yer alması, dövlətimizin başçısının təkcə öz ölkəsinin deyil, bütün Türk dünyasının ortaq maraqları ilə bağlı məsələlərdə də güzəştsiz, prinsipial bir yanaşma sərgilədiyini ortaya qoydu: “Qeyd edim ki, hələ 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi ilə böyük türk dünyasının coğrafi baxımdan parçalandığını diqqətə çatdırmışdı. Bu çıxışla Azərbaycan Prezidenti, hələ kövrək olan türk birliyinin əsas hədəflərindən birini açıq şəkildə, cəsarətlə dilə gətirdi və 11 il sonra tarixi Qələbəmizin nəticəsi kimi Türk dünyasına Zəngəzur dəhlizini qazandırdı. Artıq Türk Dövlətləri Təşkilatı adlanan beynəlxalq təsisatın Zirvə Görüşündə Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi dövlətimizin başçısının Türk Dünyasındakı liderliyinə və bütövlükdə Azərbaycan xalqına qardaş türk xalqları tərəfindən verilən yüksək dəyərin nümunəsidir. Bu Ali Mükafat Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts