Tokio, 10 aprel, /AJMEDIA/
Prezident İlham Əliyevin 2025-ci il 4 aprel tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası kimi elmi müəssisələr ali təhsil müəssisəsinin elmi fəaliyyətinin zənginləşdirilməsində mühüm rol oynayacaq. Bu addım universitetin elmi potensialını artırmaqla yanaşı, təhsildəki keyfiyyəti daha da yüksəldəcək, eyni zamanda, Azərbaycan elminin inkişafına önəmli töhfə verəcək.
Bu sözləri AJMEDIA-ya açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev deyib.
Rektor qeyd edib ki, dünya təcrübəsində elmi-tədqiqat institutları universitetlərdə təkcə tədqiqatların aparılması funksiyasını yerinə yetirmir, həm də əldə olunan nəticələrin tədris prosesinə tətbiqi baxımından mühüm yer tutur. Bu institutlar universitetlərin elmi fəaliyyətinə güc qatmaqla yanaşı, təhsil sahəsində innovativ yanaşmaları tətbiq etməkdə böyük rol oynayır. Bu baxımdan Naxçıvan Dövlət Universitetinin strukturuna daxil ediləcək hər üç elmi müəssisədə bu prosesi uğurla yerinə yetirə biləcək elmi potensial formalaşıb. Bu elmi potensial Naxçıvan Dövlət Universitetinin son illərdə yüksələn elmi nəticələrini daha da zənginləşdirəcək.
Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti son illərdə əldə etdiyi elmi nəticələrlə diqqət çəkir: “Universitetin Elmi Kitabxanası 170 mindən çox kitab, monoqrafiya, dərslik, dövri nəşrlər, dissertasiyalar və digər qiymətli çap materialları ilə zəngindir. Bu resurslar tələbələr və akademik heyət üçün böyük bir elmi baza təşkil edir. 2024-cü ildə kitabxanaya 1327 adda 2596 sayda yeni kitab daxil olub və 2674 kitabın elektron forması hazırlanıb. Eyni zamanda, tədqiqatçılara EBSCO, “Clarivate” şirkətinin təqdim etdiyi altı baza və “Taylor&Francis” kimi beynəlxalq elektron bazalara giriş imkanı yaradılıb. Elmi tədqiqatların təhsilə tətbiqi, universitetlərin inkişafında mühüm rol oynayır. 2024-cü ildə universitetin alimləri tərəfindən bir sıra mühüm elmi nəticələr əldə edilib, bunlar monoqrafiyalar, dərsliklər, beynəlxalq və respublika jurnallarında çap olunmuş məqalələr kimi müxtəlif formalarda tədrisə və istehsalata tətbiq olunub. Bu tədqiqatlar təkcə nəzəri biliklərin genişlənməsinə deyil, həm də praktiki fəaliyyətə yönəldilib. 2024-cü ildə universitetin “Scopus” və “Web of Science” bazalarında elmi nəşrlərinin sayı xeyli artıb, xüsusən “Scopus” bazasında nəşr olunan məqalələrin sayı 2019-2023-cü ilin bu bazalardakı bütün nəşrlərinin cəmindən çoxdur. Bu, universitetin beynəlxalq elmi əlaqələrinin gücləndiyini və ölkənin elmi potensialının daha da artdığını göstərir”.
Elbrus İsayev vurğulayıb ki, Prezidentin Sərəncamı 2025-ci il üçün də Naxçıvan Dövlət Universitetinin elm sahəsində əsas hədəflərinin reallaşdırılmasına yeni imkanlar açır. “Universitetimizin 2025-ci ildə qarşıya qoyduğu hədəflər sırasında elmi-tədqiqat mərkəzlərinin və laboratoriyaların fəaliyyətinin gücləndirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, elmi işlərin səmərəliliyinin artırılması və nəticələrin tədris və istehsalatda tətbiqinin genişləndirilməsi prioritet olaraq müəyyənləşdirilib. Beləliklə, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanasının tabeliyə verilməsi dövlətimizin başçısının Naxçıvan Dövlət Universitetinə göstərdiyi böyük etimaddır. Bu, universitetin elmi inkişafını, akademik heyətin və təhsilalanların elmi potensialını və beynəlxalq elmi əməkdaşlıqlarını daha da gücləndirəcək. Həmin elmi müəssisələr universitetin elmi profilini daha da zənginləşdirməklə Naxçıvanın təbii sərvətləri, bioloji resursları və kosmik tədqiqatlarının inkişafına böyük töhfə verəcək. İnanırıq ki, Naxçıvan Dövlət Universitetinə qoşulan Təbii Ehtiyatlar İnstitutu Naxçıvanın təbii ehtiyatlarının səmərəli istifadəsi, Bioresurslar İnstitutu biomüxtəlifliyin tədqiqi və qorunması, Batabat Astrofizika Rəsədxanası isə kosmik tədqiqatlar sahəsində elmi tədqiqatları gücləndirəcək və elmimizə yeni-yeni nailiyyətlər qazandıracaq”, – deyə NDU-nun rektoru əlavə edib.