Tokio, 13 sentyabr, /AJMEDIA/
2023-cü ildə dünyada ilk dəfə tam göz və sol üz transplantasiyası almış şəxsin sağalma prosesində “ciddi irəliləyiş” əldə edildiyi açıqlanıb.
AJMEDIA Anadolu Agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Nyu-York Universitetinin tədqiqatçıları keçən il bir göz və sol üz transplantasiyası əməliyyatı keçirmiş Aaron Ceymsin əməliyyatdan sonrakı vəziyyətini araşdırıblar.
Ceymsin sağalma prosesində “ciddi irəliləyiş” müşahidə etdiklərini vurğulayan tədqiqatçılar, transplantasiyadan bir ildən çox müddət sonra həmin gözün transplantasiya zamanı normal qan dövranı təmin etdiyini və ölçüsünü qoruduğunu bildiriblər.
Tədqiqatçılar transplantasiya edilmiş gözün işığa bir qədər reaksiya verə bildiyini, lakin xəstənin göz səthinin hələ də hissiyyatsız olduğunu və göz qapaqlarının açılmadığını diqqətə çatdırıblar. Onlar, görmə qabiliyyətinin zaman keçdikcə bərpa olunacağına ümid etdiklərini bildiriblər. 47 yaşlı Ceymsin normal həyatına qayıtdığını deyən tədqiqatçılar onun artıq bərk qidalar qəbul etdiyinivə qoxuları duyduğunu vurğulayıblar.
Tədqiqatçı lVaidehi Dedania transplantasiyanın nəticələrinin müsbət olduğunu deyib. O diqqətə çatdırıb ki, bu əməliyyat gələcək tədqiqatlara işıq tuta biləcək.
Araşdırma “The Journal of the American Medical Association” (JAMA) jurnalında dərc olunub.
Qeyd edək ki, Ceymsi 2021-ci ildə iş yerində baş verən qəza nəticəsində 7200 volt elektrik cərəyanı vuraraq üzünün bir hissəsini və gözünü zədələyib.
2023-cü il mayın 27-də həyata keçirilən 21 saatlıq əməliyyatda gözün sinirlərinin bərpasını gücləndirmək üçün ilk dəfə olaraq donor iliyindən götürülmüş yetkin kök hüceyrələr xəstəyə vurulub, həmçinin göz transplantasiyası həyata keçirilib. Bütün göz və sol üz transplantasiyasından sonra Ceyms dünyada bütöv göz transplantasiyası alan ilk xəstə kimi tarixə düşüb.