Dövlət və özəl sektorun iştirakı ilə “yaşıl iqtisadiyyat”a keçiddə ESG prinsiplərinin əhəmiyyətinə dair konfrans keçirilib

Tokio, 1 iyun , /AJMEDIA/

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi “yaşıl iqtisadiyyat” konsepsiyasının, eləcə də başlıca elementlərindən biri ətraf mühitlə bağlı olan ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin və onun biznesdə tətbiqinin, bu sahədə dövlət və özəl sektorun birgə fəaliyyətinin aktuallığını artırıb.

AJMEDIA xəbər verir ki, bu məqsədlə “Bakı KOB evi”ndə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

Tədbirdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın və onun tərkibində fəaliyyət göstərən ESG üzrə altqrupda təmsil olunan dövlət qurumlarının nümayəndələri, ekspertlər, eləcə də sahibkarlar, ali təhsil müəssisələri və ictimai birliklər iştirak ediblər.

Konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ESG-nin biznes subyektləri də daxil olmaqla, ümumilikdə əhali üçün faydası, bu prinsiplərin tətbiqi sahəsində görülən işlər, ESG-nin əsas elementlərindən olan ekologiya və sosial sahələrdə görülən tədbirlər və özəl sektorla əməkdaşlıq barədə fikirlərini bölüşüblər.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini, ESG standartları üzrə altqrupun rəhbəri Natiq Həsənov altqrupun fəaliyyətinə və görülmüş işlərə dair məlumat verib. Qeyd olunub ki, ESG yanaşmasının əsas istiqamətlərindən biri ətraf mühit məsələləri ilə bağlıdır. ESG prinsiplərinin tətbiqi “yaşıl iqtisadiyyat”a transformasiya prosesinə əhəmiyyətli töhfə vermək imkanına malikdir. 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 20-yə yaxın qurum və təşkilatın nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol Xəritəsinin icrası çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyət təhlil edilib, beynəlxalq təcrübə öyrənilib, sorğu keçirilib.

Tədbir çərçivəsində ESG üzrə ekspertlər tərəfindən “yaşıl iqtisadiyyat” ilə ESG prinsipləri arasında əlaqə, uğurlu “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində özəl sektorun gözləntiləri və təşəbbüskarlığı, ESG üzrə qlobal trendlər və milli kontekstdə inkişaf məsələləri, dövlət şirkətlərində ESG təşəbbüslərinə dair təqdimatlar keçirilib, fikir mübadiləsi aparılıb.

Konfransda KOBİA tərəfindən hazırlanmış ESG-yə dair məcmuə iştirakçılara təqdim edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts