Tokio, 15 oktyabr, /AJMEDIA/
Ötən il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ilə bitən antiterror əməliyyatından sonra Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndiyə səfəri və Müzəffər Ali Baş Komandan kimi qədim şəhərimizdə Dövlət Bayrağını ucaltması xalqımızın tarixinə qəzəl hərflərlə yazıldı. Dövlətimizin başçısı bununla Azərbaycan xalqının yeniməz iradəsini bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev bird aha göstərdi ki, onun lideri olduğu bir xalqın qüruru ilə heç kim oynaya bilməz. Ermənistanın siyasi-hərbi rəhbərliyinin ötən əsrin 90-cı illərində xarici havadarlarının köməyi ilə qonşu Azərbaycanın ərazilərini işğal etmək və bu işğalı əbədiləşdirmək cəhdləri bununla fiaskoya uğramış oldu. İşğal dövrünün faciəsini, uzun müddət ata-baba yurdundan didərgin düşmüş, doğma torpağına qovuşmağın həsrətini yaşamış və bu Zəfəri bir yuxu kimi qarşılayan Azərbaycan xalqı bu xoşbəxtliyi heç vaxt unutmayacaq.
Dövlət Bayrağının işğaldan azad edilən bütün ərazilərdə dalğalanmasını əsas vəzifəsi hesab edən Prezident İlham Əliyev ədalətsiz, ikili və riyakar siyasət yürüdən böyük gücləri diplomatik masada, Ermənistanı isə hərb meydanında ağır məğlubiyyətə uğradaraq Zərqi Zəngəzuru və Qarabağı işğaladan azad etdi.
Bu Zəfərlə yalnız Qarabağ azad olunmadı, Azərbaycan xalqı həmçinin bir daha əmin oldu ki, bu ölkəni sözü ilə əməli bir, həmişə verdiyi vədlərə sadiq olan bir Prezident idarə edir. Görünməmiş Zəfərə imza atan qalib Lider xalqımızın yalnız sabit və təhlükəsiz bir həyat deyil, həmçinin hazırda xoşbəxt günlər yaşadığını bir daha təsdiq etmiş oldu. Bütün dünya rəhbərlik etdiyi xalqı bir yumruq kimi öz ətrafında birləşdirən Liderə malik dövlətimizi məğlub etməyin mümkün olmadığını bir daha gördü.
Prezident İlham Əliyev tərəfindən Xankəndidə Azərbaycanın Dövlət Bayrağının qaldırılması və uzun müddət torpaqlarımızda hökm sürən terrorun, separtazimin kökünün kəsilməsi parlaq qələbəmizin məntiqi sonluğu oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xankəndi şəhərində qaldırılan bayraq əbədi dalğalanacaq və Azərbaycan xalqı burada əbədi yaşayacaqdır. Bu tarixi hadisə nəticəsində təkcə ölkə vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla azərbaycanlı qalib ordumuzla və Azərbaycan dövləti ilə fəxr edir.
Xankəndidə Prezident tarixi bir həqiqəti də haqlı olaraq qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin keçmiş Sovet İttifaqının rəhbərliyindən istefasından sonra iki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistana verilsin. Bunun ardınca lidersiz qalan Azərbaycan xalqı faciə, böhran və əzablarla dolu günlər yaşamağa məcbur oldu. Torpaqlarımız işğal edildi, vətəndaşlarımız görünməmiş təzyiqlərə məruz qaldı. Yalnız Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz yenidən dirçəlməyə, iqtisadi qüdrətini bərpa edərək yeni dövrə qədəm qoydu. Ümummili liderin dərindən düşünülmüş siyasətinin nəticəsi olaraq güclü iqtisadiyyat, yenilməz orduformalaşdı. Məhz həmin siyasətin məntiqi nəticəsi olaraq bu gün biz Qarabağdayıq, Xankəndidəyik və bütün dünya bukünku qüdrətimizlə hesablaşmaq məcburiyyətindədir. Müstəqil xarici siyasət yeridən Azərbaycan tutuduğu mövqe, yalnız bölgədə deyil, daha böyük coğrafiyada qəbul olunur.
Prezidenti İlham Əliyev tərəfindən oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızın ucaldılması xalqımızın yaddaşına qızıl hərflərlə yazılmış mühüm hadisədir və heç vaxt silinməyəcək.
Bu baxımdan bütün cəbhələrdə düşməni məğlub edərək bizə qələbə sevincini yaşadan Müzəffər Ali Baş Komandan xalqımızın əsil Lideri olduğunu bir daha təsdiq etmiş oldu.
Vüqar Ağayev