Tokio, 30 avqust , /AJMEDIA/
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın “Wealth & Finance International” təşkilatı tərəfindən keçirilmiş “FinTech Awards 2023” müsabiqəsinin qalibi seçilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AJMEDIA-ya verilən məlumata görə, DOST RİM müsabiqədə “Proaktiv ödənişlər mexanizmin mahiyyəti, sxemi və cəmiyyət üçün əhəmiyyətini əhatə edən məlumatlar” kateqoriyası üzrə iştirak edib və “Dövlət sektoru üzrə proaktiv texnologiyanın aparıcı təminatçısı – 2023” mükafatına layiq görülüb.
Müsabiqədə Azərbaycanın sosial sahə üzrə elektron uğurları, habelə ölkədə pensiya, müavinət və təqaüdlərin e-sistem üzərindən proaktiv təyinat mexanizmlərinin qurulduğu diqqətə çatdırılıb. Müsabiqənin tədqiqat komandası ölkəmizin təcrübəsini yüksək qiymətləndirib və mükafata layiq görüb.
“Wealth & Finance International” maliyyə və ödənişlər sahəsində yenilikləri araşdıran və 2014-cü ildən eyniadlı jurnalda bu sahədə yeni uğurlu təcrübələri paylaşan bir təşkilatdır.
Bundan bir neçə gün əvvəl e-sosial.az portalı ABŞ-ın beynəlxalq onlayn “dotCOMM Awards” müsabiqəsində qalib seçilib və mötəbər beynəlxalq təşkilatların rəsmi saytlarında e-sosial.az, “Əmək və məşğulluq” altsistemi, nazirliyin təqdim etdiyi e-xidmətlərin əlçatanlığı ilə bağlı məqalələr dərc olunub.