Diplomatik xidmət əməkdaşlarının əməkhaqlarının artırılması nəzərdə tutulur

Tokio, 23 dekabr , /AJMEDIA/

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin, həmçinin onların ailə üzvlərinin diplomatik nümayəndəlik və konsulluqların yerləşdiyi ölkələrin (yaxud, onların müvafiq şəhərlərinin) sosial-iqtisadi və maddi-məişət şəraitinə uyğun olaraq həyat səviyyəsinin daha da yaxşılaşdırılması üçün onların əməkhaqlarının artırılması, həmçinin onlara əlavə müavinətlərin ödənilməsi məqsədilə “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarına və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi təklif olunur.
AJMEDIA xəbər verir ki, bu məsələ parlamentin dekabrın 23-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən diplomatik xidmət orqanı əməkdaşlarının Xarici İşlər Nazirliyində hazırda saxlanılan 50 faiz əməkhaqları ləğv olunur və onlara vahid dövlət məvacibi hesablanır. Diplomatik xidmət orqanı əməkdaşlarının xidmət keçdikləri diplomatik nümayəndəliyin və ya konsulluğun hansı dövlətin ərazisində yerləşməsindən asılı olmayaraq, onların tutduqları vəzifə üzrə eyni dövlət məvacibi müəyyən olunur və həmin dövlət məvacibindən qanunvericiliklə müəyyən edilmiş qaydada vergi, sosial sığorta və digər icbari ödənişlər tutulur.
Qanun layihəsinin qəbul olunması yuxarıda qeyd olunan məsələlərin tənzimlənməsi, o cümlədən diplomatik xidmət orqanı əməkdaşlarının maddi-sosial və pensiya təminatlarının yaxşılaşdırılması ilə yanaşı, diplomatik xidmət orqanı əməkdaşlarının bu və ya digər dövlətin yaşayış şəraitinə uyğun dövlət məvacibinin məbləğlərinin müəyyən edilməsində əsas götürülən meyarlarla bağlı yaranan sualların beynəlxalq səviyyədə qəbul olunmuş mənbələrə istinad olunmaqla cavablandırılmasını, habelə məsələnin tənzimlənməsinə sistemli şəkildə vahid və ədalətli yanaşmanın tətbiq edilməsini təmin edəcəkdir.
Sənəd səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts