Tokio, 22 aprel , /AJMEDIA/
Çin və Azərbaycan əsas regional məsələlərdə oxşar mövqeyə sahibdir. Çin Xalq Respublikası Azərbaycan Respublikasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsini dəstəkləyir. İki ölkə arasında praktiki əməkdaşlıq dərinləşməkdədir.
AJMEDIA xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusundakı konfransda çıxışı zamanı deyib.
Səfir iki ölkənin dövlət başçılarının telefon və məktub vasitəsilə sıx əlaqə saxladığını qeyd edib. Onun sözlərinə görə, Çinin və Azərbaycanın siyasi partiyaları arasında da intensiv əlaqələr mövcuddur.
“Azərbaycan Çində beş ticarət evi açıb. Çində istehsal edilən məhsullar Azərbaycan bazarına sürətlə idxal edilir. 2023-cü ildə statistik məlumatlara əsasən iki ölkə arasında iqtisadiyyatın həcmi 43 faiz artaraq tarixi rekord həddə 3,1 milyard dollara çatıb. Azərbaycanda Çin dilinə maraq getdikcə artmaqdadır”, – deyə Dinq Tao bildirib.