Tokio, 27 oktyabr , /AJMEDIA/
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun bir qrup əməkdaşı Türkiyənin Sakarya şəhərində keçirilən XV Türk Dili Simpoziumunda iştirak ediblər.
İnstitutdan AJMEDIA-ya bildirilib ki, Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş simpoziumun İstiqlal savaşının aparıldığı və türk xalqının istiqlal zəfərini yaşadığı Sakaryada keçirilməsi heç də təsadüf deyil.
On altı ölkədən 350-dən artıq türkoloqun iştirak etdiyi tədbirdə institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru dosent Baba Məhərrəmli “Türk dillərində etimologiya problemləri”, “Türk dilləri” şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Şəbnəm Həsənli Qəribova “Qumuq türkcəsinin etnoqrafik leksikası”, filologiya üzrə fəlsəfə doktoru dosent Sevinc Məmmədova “Media mətnlərində başlıqların özəllikləri” adlı məruzələrlə çıxış ediblər. Müxtəlif mövzulara həsr olunmuş məruzələr simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında diskussiyalar aparılıb.