Deputat: 2022-ci ilin “Şuşa İli” elan olunması Qarabağın tarixini dünyaya yeni formalarla çatdırmaq baxımdan yaxşı fürsətdir

Tokio, 9 yanvar, /AJMEDIA/

Şuşanın Azərbaycan xalqının qan yaddaşında, milli-mənəvi, mədəni düşüncəsində daşlaşmış yeri və müqəddəsliyi hər kəsə məlumdur. Azərbaycanda Şuşa kimi ikinci şəhər yoxdur ki, hamını eyni dərəcədə özünə cəlb edə və insanların milli ruhuna, heysiyyətinə təsir göstərə bilsin. Buna görə də Şuşanın yaradılmasının 270 illiyi münasibətilə Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi hamının ürəyincə oldu.

AJMEDIA xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ayaz Quliyev söyləyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin bu qərarı tarixi, siyasi və mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir. “Hesab edirəm ki, dövlətimizin başçısı belə bir addımı atmaqla üç strateji hədəfə çatmağı qarşısına məqsəd qoyub. Birinci hədəf Qarabağın tarixini dünya ictimaiyyətinə yeni formalarla çatdırmaqdır. 2022-ci ilin “Şuşa İli” elan olunması bu baxımdan yaxşı fürsətdir. İl ərzində bütün qurumlar – dövlət, özəl, qeyri-hökumət təşkilatları, media institutları Şuşa şəhərinin Qarabağ xanı Pənahəli xan tərəfindən təsis olunmasının 270 il illik yubileyini təntənəli şəkildə qeyd edəcəklər. Bu tədbirlərin hər birində Şuşanın yaranması, onun paytaxt və əsas şəhər olaraq Qarabağın, bütövlükdə Azərbaycanın iqtisadi, mədəni həyatında oynadığı rol, işğal dövründə məruz qaldığı dağıntı, vandallıq, Ordumuzun şəhəri işğaldan azad edərkən göstərdiyi misilsiz qəhrəmanlıq və digər vacib məsələlər haqqında ətraflı məlumat veriləcək. Həmçinin bu barədə yeni kitablar və vəsaitlər nəşr olunacaq, filmlər çəkiləcək. Hazırkı postmünaqişə dövründə bu məlumatların yayılması bir tərəfdən Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha göstərəcək, digər tərəfdən uzun illər tarixi saxtalaşdırmaq istəyən erməniləri və onların yalanlarını əyani faktlarla ifşa edəcək. İkinci hədəf, Qarabağda quruculuğu və işğaldan azad edilmiş ərazilərə qayıdışı sürətləndirməkdir. 2022-ci ilin “Şuşa İli” olması həm də o deməkdir ki, il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpasına və yenidən qurulmasına yönəldiləcək. Prezident İlham Əliyev bu barədə qərarını elan edən zaman bu amilin əsas rol oynadığını bildirdi. Bu da imkan verəcək ki, Şuşa və ətraf ərazilərə əhalinin qayıtması üçün bütün lazımi infrastruktur yaradılsın. Həmçinin orada normal həyat bərpa edilsin. Belə olan təqdirdə, 2022-ci ili Qarabağa qayıdışın önəmli mərhələsinin başlanğıcı kimi qəbul edə bilərik. Üçüncü hədəf, Qarabağın təhlükəsizliyini gücləndirmək və ətraf ərazilərdə yaşayan əhalinin reinteqrasiyasını stimullaşdırmaqdır”, – deyə deputat əlavə edib.

Ayaz Quliyev vurğulayıb ki, Şuşanın qısa müddətdə bərpası və əhalinin məskunlaşdırılması Qarabağın təhlükəsizliyinin gücləndirilməsi baxımından çox önəmlidir. Digər tərəfdən, Şuşada həyat öz axarına düşərsə, o zaman keçən ilin iyununda Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsində əks olunan bir sıra müddəaların icrasını sürətləndirə bilər ki, bu da öz növbəsində, bölgənin təhlükəsizliyinə əlavə zəmanət və güvən deməkdir. Eyni zamanda, ölkəmizin gücünün və qüdrətinin göstəricisi olaraq Şuşanın tezliklə dirçəldilməsi və əhalinin məskunlaşdırılması ermənilərin yaşadığı ətraf ərazilərin Azərbaycanın sosial, iqtisadi və hüquqi məkanına reinteqrasiyasını stimullaşdırmaq üçün katalizator rolunu oynayacaq. Başqa alternativi olmayan ermənilər ya Azərbaycanın qanunlarına hörmət edib reinteqrasiya prosesinə qoşulacaq, ya da Konstitusiyasına əməl etmək istəmədikləri ölkəni tərk etməli olacaqlar. Əminəm ki, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi Vətən müharibəsində qazanılan tarixi Qələbəni iqtisadi, siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirmək, sülh quruculuğu prosesində önəmli irəliləyiş əldə etmək, müəyyənləşdirilən strateji hədəflərə çatmaq üçün əhəmiyyətli rol oynayacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts