ÇXR Sədri Si Cinpin San-Fransiskoya yola düşüb

Tokio, 14 noyabr , /AJMEDIA/

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 30-cu Zirvə toplantısında iştirak etmək üçün ABŞ-a yola düşüb.

AJMEDIA xəbər verir ki, noyabrın 15-də Si Cinpinin ABŞ Prezidenti Cozef Baydenlə görüşü olacaq. Dünya mediasının, ekspertlərin maraqla gözlədiyi görüş ötən ilin noyabrında “Böyük iyirmilik” (G20) qrupunun İndoneziyadakı Zirvə toplantısı çərçivəsində keçirilmiş Si-Bayden görüşündən sonra liderlərin ilk görüşü olacaq. Ekspertlərin fikrincə, dünyada hazırkı mürəkkəb geosiyasi vəziyyət fonunda baş tutacaq görüşdə ikitərəfli məsələlərlə yanaşı, Rusiya-Ukrayna və İsrail-HƏMAS münaqişələri, Şimali Koreyanın raket-nüvə fəaliyyətinin yaratdığı gərginlik, Tayvan və Cənubu Çin dənizi mövzusu da müzakirə olunacaq.

Xatırladaq ki, iki qlobal güc arasında heç də rəvan olmayan münasibətlər cari ilin əvvəlində ABŞ səmasında Çinə məxsus aerostatların peyda olması ilə daha da gərginləşib. Tərəflər arasında ticarət mübahisələri, yarımkeçiricilərin ixracına tətbiq olunan qadağalar, Tayvan məsələsi, Rusiya-Ukrayna müharibəsi və digər məsələlərdə ciddi fikir ayrılığı, hətta qarşıdurma var.

Ötən aylarda yüksək səviyyəli bir neçə qarşılıqlı səfər, o cümlədən ABŞ dövlət katibi Antoni Blinkenin Pekinə, Çin xarici işlər naziri Van İnin Vaşinqtona səfəri baş tutsa da, hələ də mövqelərin yaxınlaşmasını göstərən ciddi irəliləyiş müşahidə olunmur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts