Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq

Tokio, 23 iyun , /AJMEDIA/

Təhsil almaq, öz bilik və bacarıqlarını inkişaf etdirmək insanları uğura aparan yolda əsas alətlərdəndir. Özünün gərgin zəhmətlə qazandığı bilikləri isə digərlərinə daha rahat və effektiv formada, xüsusilə soydaşlarına ötürmək həmsöhbətimin ən böyük arzusu olub. Bu gün o arzu artıq gerçəkləşib.

AJMEDIA xəbər verir ki, bu barədə öz müsahibəsində ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetinin (CVU) Ali Təhsil və İnsan İnkişafı Məktəbinin məzunu, Azərbaycanda ilk hibrid təhsil sistemi təklif edən “Lighthouse Consulting & Training” şirkətinin təsisçisi Elnur Axundov danışıb. Müsahibimiz uğura gedən yol, təhsildə innovativ həllər və gələcək planları barədə fikirlərini bölüşüb.

Bakının Mərdəkan qəsəbəsində anadan olmuş Elnur Axundov orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Tələbəlik illərindən Elnur artıq müxtəlif istiqamətlərdə sosial fəaliyyət göstərməyə başlayıb: “Universitet illərindən artıq bir sıra təlimlərə və tədbirlərə qatıldım. Banklardan birində “İşə qəbul və inkişaf üzrə təcrübəçi” kimi fəaliyyətə başladım. Bununla insan resursları ilə iş istiqamətində ilk addımlarımı atdım. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinə qoşuldum. Bununla da ölkəmizdə keçirilən ən böyük və mötəbər tədbirlərindən birinin hazırlıq mərhələsindən başlayaraq sonunadək layihənin “İnsan resurslarının idarə olunması, təlimlər və inkişaf” sahəsi üzrə işlədim. Daha sonra bu sahəni daha yaxşı öyrənmək, beynəlxalq təcrübə əldə etmək məqsədilə Dubaya köçdüm və orada 4 il həm işlədim, həm də öyrəndim. Bu, mənim üçün çox önəmli bir məqamdır. Məhz o zaman mən artıq beynəlxalq təcrübəyə yiyələndikdən sonra orada rəhbər vəzifələrdə işləyərkən paralel olaraq daim öz üzərimdə də çalışırdım. Orada daha dərindən mütəxəssis kimi formalaşmağa başladım. Elektron təlim (e-learning) dünyada çox önəmli bir vasitə kimi qəbul olunub və çox inkişaf etmiş bir sahədir. Təəssüf ki, Azərbaycanda bu sahə yox səviyyəsində idi. Son illər ərzində burada bir oyanış müşahidə olunur. Fikrimcə, biz təhsil sahəsində bu inqilabın bir hissəsi olacağıq.

“Artıq Dubayda mən “Learning Menecment System” (LMS) yaradılmasında bilavasitə özüm iştirak edirdim. Fərqli şirkətlər cəlb edərək işlədiyim qurum üçün “Təhsilin idarə olunması sistemi”ni yaradırdım. Təhsil ekosistemi daxilində texnologiyanın tətbiqində əsas məqamlardan biri platforma olaraq LMS sistemidir. Bizim təqdim etdiyimiz təhsil həllərimiz texnologiyadan istifadə edərək öyrənmə təcrübəsini daha səmərəli hala gətirir. Həmçinin texnologiyanın bizə təqdim etdiyi ölçmə və hesabat imkanları sayəsində biz öyrənənlərin performansını izləyə və öyrənmə proqramlarımızı təkmilləşdirə bilirik. Bizim ən böyük gücümüz öz sahələrində ən təcrübəli ekspertlərdən ibarət heyətimizdir. Ekspertlərimiz öyrənmə proqramını fərdiləşdirir və istifadəçilərin unikal ehtiyaclarına uyğunlaşdırır. Beləliklə, bizə müraciət edən şirkətin performansı, səmərəliliyi artır və rəqabət üstünlüyü təmin edilir. Yaradıcı yanaşmalarımızla biz öyrənməni növbəti səviyyəyə qaldırır və standartlardan kənara çıxırıq. Nəticədə müvafiq şirkətə, onun əməkdaşlarına və məqsədlərinə uyğunlaşdırılmış yaradıcı öyrənmə həllərimizlə öyrənmə prosesini daha rəngarəng və faydalı edirik”, – deyə Elnur Axundov əlavə edib.

Azərbaycanda məhz belə təhsil ekosistemi yaratmaq niyyətində olduqlarını vurğulayan Elnur Axundov şirkətinin innovativ öyrənmə və təşkilati inkişafda qlobal lider olmağı hədəflədiyini deyib: “Vaxtilə Azərbaycanda pambıq istehsalı ilə məşğul olan böyük bir şirkətdə menecer idim. Həmin şirkətdə Azərbaycanda bir ilk olaraq LMS sistemi qurdum. Bu şirkətdə bizim komanda tərəfindən “e-learning content” (elektron təhsil məzmunu) yaradıldı. Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbində magistr dərəcəsinə yiyələndikdən sonra Azərbaycanda təhsil sahəsində işləməyə başladım. Doqquz il korporativ sahədə çalışdıqdan sonra təhsil sahəsinə keçmək mənim üçün də maraqlı oldu. Orada bir müddət çalışdıqdan sonra xeyli vaxtdan bəri xəyalımda olan şirkətin təsis edilməsi üçün bir daha əmin oldum. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” ikili diplom proqramına imkan yaratdı, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ikili diplom proqramı çərçivəsində Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbini bitirməklə təşəbbüsümün reallaşması üçün imkanlarım genişləndi, – deyə E.Axundov qeyd edib.

Elnur Axundov vurğulayıb ki, öz şirkətini təşkilatlar və şəxslər üçün mayak olaraq təsəvvür edir. Firmanın təklifləri dörd sahədə fərqlənir: öyrənmə texnologiyası, öyrənmə dizaynı və inkişafı, idarəolunan öyrənmə xidmətləri və “Lighthouse Academy”. Şirkətin qabaqcıl məhsulu olan “Lighthouse LMS” biznes, dövlət qurumları, qeyri-kommersiya təşkilatları və daha çoxu üçün uyğunlaşdırılmış qabaqcıl öyrənmə idarəetmə sistemidir ki, onlar öz xərclərini optimallaşdıra və öyrənmə effektivliyini artıra bilsinlər. Öyrənmə dizaynı və inkişafı bölməsi – videoöyrənmə, animasiya, e-öyrənmə, e-öyrənmə oyunları və s. kimi xüsusi premium e-öyrənmə dizayn və inkişaf xidmətləri təqdim edir. Şirkət idarəolunan öyrənmə xidmətləri sahəsində öyrənmə və inkişafın bütün istiqamətlərində təşkilatları dəstəkləyən hərtərəfli autsorsinq həlləri təklif edir. “Lighthouse Consulting & Training”in tərkibində hibrid və tam onlayn öyrənmə proqramları təqdim edən təhsil mərkəzi olan “Lighthouse Academy” yerləşir. Akademiya müxtəlif və çevik öyrənmə metodlarına sadiqliyi əks etdirən təlim kursları, mikromasterlər və icraçı proqramlar təklif edir: “Biz şirkətlərə və fərdlərə yol göstərən bir işıq rolunu oynayırıq. Onların işlərinə müdaxilə etmirik. Biz onların yerinə heç nə etmirik. Biz sadəcə mayak kimi hər zaman strateji tərəfdaş olaraq onlara doğru yanaşmalar, effektiv həllər təklif edirik və onların həm texnoloji, həm strateji tərəfdaşı olaraq hər zaman onların yanındayıq. Biz bunu konsaltinq və təlimlər vasitəsilə edirik. Konsaltinq çərçivəsində bizim üç əsas istiqamətimiz var: bunlardan biri bizim bilavasitə texnoloji sahəmizdir. Bizim LMS kooperativlərə, dövlət və qeyri-dövlət qurumlarına, qeyri-kommersiya təşkilatlarına və təhsil müəssisələrinə “B2B”, “B2C” və “B2Ed” (Educational centers), – bu üç istiqamətdə texnoloji həll təklif edirik. Azərbaycanda ilk dəfə yerli bir həll olaraq bunu bazara biz çıxarmışıq və reallaşmasını təmin edirik”.

Hazırda Azərbaycanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirən Elnur Axundov deyib ki, bu şirkətlərdə texnoloji məhsulu tətbiq ediblər və onun uğurlarının şahidi olublar: “Bizim yanaşmamız SAM (Successive Approximation Model) öyrənmə proqramları yaradarkən bir sıra addımları izləyən, hər addımda sifarişçinin rəyini nəzərə alan, beləliklə, daha effektiv və səmərəli öyrənmə təcrübəsi təmin edən bir yanaşmadır. Bu yanaşma ilə biz öyrənmə məqsədlərini daha dəqiq müəyyən etmək və bu məqsədlərə uyğun olaraq daha yaxşı öyrənmə həlli hazırlamaq imkanı əldə edirik. Beləliklə, öyrənmə həlli sifarişçinin ehtiyaclarına tam cavab verir və öyrənmə prosesini daha səmərəli hala gətirir.

“Lighthouse” LMS öyrənmə ehtiyaclarını nəzərə alır və şirkətlərə özəl həllər təqdim edir. Şirkət LMS-dən istifadə edərək əməkdaşlarının öyrənmə prosesi, nəticələri, iştirak nisbəti haqqında məlumatları izləyə bilir. Bu da əməkdaşların zəif və güclü nöqtələrini aşkarlamaqda, təkmilləşdirilməsi lazım olan bilik və bacarıqları təyin etməkdə şirkətə kömək edir. Bizim fəaliyyətimizin ikinci istiqaməti isə nəticəyə fokuslanan rəqəmsal və kreativ öyrənmə məzmunu yaratmaqdır. Bu, Azərbaycanda təhsil sahəsində tətbiq olun bir ilkdir. Öyrənmə və yaradıcılıq sahəsində böyük təcrübəyə malik ekspert komandamız öyrənmə məzmununu hazırlayarkən şirkətin əməkdaşlarının bacarıqlarının təkmilləşməsini və həqiqi davranış dəyişikliyini hədəfləyir. İlk baxışda yorucu kimi görünən prosesi isə oyun, animasiya formasında təqdim edir ki, bu da şirkətin əməkdaşlarının davamlılıq və həqiqi öyrənmə prosesini təmin edir. Bu, bizim hədəflədiyimiz innovativ öyrənmə məzmununun əsasını təşkil edir. Bunu “Adobe Captivate” vasitəsilə edirik. Ölkəmizdə bu proqramın “Adobe Sertified Professional – Adobe Captivate” sertifikatına malik bir ekspertəm. “Adobe Captivate” vasitəsilə biz şirkətin istəklərinə uyğun təlim məzmunu yaradırıq – animasiya, krossvord, mükəmməl məzmun, vizual ünsiyyət, cəlbedici təcrübələr tətbiq olunur. Buna görə də biz mərkəzə funksionallıq sözünü də əlavə edirik. Hazırlanan öyrənmə məzmunu faydalı olmaq üçün həm də funksional olmalıdır. Beləliklə, biz öyrənənlərin qurumlar üçün həqiqi dəyər yaradacağından əmin oluruq”.

E.Axundov qeyd edib ki, müasir dövrün tələblərini nəzərə alaraq öyrənmə prosesinin hər kəsə əlçatan olması və istənilən yerdən, istənilən saatda öyrənmə təcrübəsi qazanmaq üçün proqramda hibrid əsaslı metod tətbiq edilir: “Öyrənənlər həm onlayn resurslardan və rəqəmsal alətlərdən istifadə edib, həm də qarşılıqlı əlaqə ilə öyrənməni daha dərindən təcrübə etmək imkanı qazanırlar. Daha dərindən mənimsənilmə üçün 100 saatdan ibarət intensiv və zəngin tədris proqramımız mövcuddur. Bu proqram çərçivəsində öyrənənlər qlobal kurikulum əsaslı interaktiv öyrənmə təcrübəsinin bir hissəsi olurlar. Fəaliyyətimizin üçüncü istiqaməti ənənəvi olaraq konsultasiyadır. Öyrənmə proseslərini effektiv idarə etmək xeyli vaxt tələb edir. Adətən məzmun hazırlamaq, öyrənmə platformasını idarə etmək, istifadəçiləri dəstəkləmək, resursları və digər əlaqəli fəaliyyətləri hazırlayıb nəzarət etmək üçün böyük bir komanda tələb olunur. İdarə olunan öyrənmə xidməti ilə işləməklə, bu fəaliyyətlər əlavə daxili resurslara, vaxt aparan işə qəbul prosesinə və ya daxili personalın idarə edilməsinə ehtiyac olmadan həyata keçirilir”, – deyə Elnur Axundov bildirib.

Azərbaycan təhsilində yaradılmış texnoloji həllərin qlobal bazarda təqdim olunacağını diqqətə çatdıran gənc şirkət təsisçisi gələcək planları barədə də məlumat verib: “Bizim məhz ikinci fəaliyyət istiqamətimiz olan “Öyrənmə dizaynı və tərtibatı” üzrə planlarımız qlobaldır. Tezliklə burada fərqli təlim məhsulları yaradıb qlobal bazara daxil olmağı planlaşdırırıq. Burada söhbət yenə də rəqəmsal bilik məhsullarından gedir. Onları fərqli dillərdə yaradacağıq və həmin ölkələrə satışını təşkil edəcəyik.

Məsələn, fransız dilində kommunikasiya bacarıqları adlı bir interaktiv təlim məhsulu yaradaraq Fransa, Amerika və Afrika ölkələrinə satışını təşkil edəcəyik. Hazırda tərəfimizdən ilk hibrid “bootcamp” (intensiv təlim proqramı) təşkil olunur. Bu, ilk belə bir məhsuldur. Bu, HR-ın daxilində öyrənmə və inkişaf proqramıdır. Gələcəkdə belə məhsullarımızın sayını artırmaq niyyətindəyik. Maliyyə, jurnalistika, məzmun yaradıcılığı, neft və qaz istiqamətləri üzrə bu formatda “bootcamp”lar təşkil olunacaq. Biz Azərbaycanda olmayan bir şeyləri yaratmaq, ölkəmizdə yeni bir təhsil ekosistemi yaratmaq istəyirik. İlkin mərhələdə müxtəlif mövzularda olacaq bu intensiv təlimlərə 50, sonra 100 və daha sonra 300-dək iştirakçı cəlb etmək niyyətindəyik. Əsas məqsədimiz Azərbaycanda təhsilin hər kəs üçün əlçatan və effektiv olması işinə töhfə verməkdir”, – deyə E.Axundov əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts