Tokio, 7 noyabr, /AJMEDIA/
Ölkəmizdə keçiriləcək COP29 beynəlxalq konfransı ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin rahat və təhlükəsiz səyahətini təmin etmək məqsədilə müvəqqəti dəyişikliklər tətbiq edəcək. Sərnişinlərə bu dövrdə səyahətlərini öncədən planlaşdırmaları tövsiyə olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AJMEDIA-ya bildirilib ki, noyabrın 10-14-də yalnız aviabileti olan sərnişinlər “Terminal 1” və “Terminal 2”yə daxil ola biləcəklər. Yola salan və qarşılayan şəxslərdən gözləmə zallarında sıxlıq yaranmasının qarşısını almaq üçün hava limanına gəlməmələri xahiş olunur.
Hava limanının qarşısındakı dayanacaq zonası yalnız xüsusi təyinatlı nəqliyyat vasitələri üçün ayrılacaq. Bu səbəbdən noyabrın 10-14-də hava limanı ərazisində nəqliyyat vasitələrinin park edilməsinə icazə verilməyəcək və yalnız sərnişinlərin düşürülməsi mümkün olacaq. Avtomobillərini noyabrın 10-da əvvəl uzunmüddətli park etməyi planlaşdıran sürücülərdən bu məhdudiyyətləri nəzərə almaları xahiş olunur, əks halda avtomobilləri ərazidən evakuasiya ediləcək.
Şəhər mərkəzindən hava limanına gələn sürücülərə Nizami küçəsi – Yusif Səfərov küçəsi – İzzət Orucova küçəsi – Fəzail Bayramov küçəsi – 8 Noyabr prospekti və Zığ şosesi marşrutunu izləmələri tövsiyə olunur. Bilgəh və Maştağa istiqamətindən gələnlər üçün Mərdəkan və Şüvəlandan keçərək Zığ şosesinə çıxış məsləhət görülür.
COP29 müddətində (10-22 noyabr) H1 və H2 ekspres avtobusları sərnişinlərə hava limanına rahat çatmaq imkanı yaradacaq. H1 avtobusu 10 dəqiqəlik intervalla metronun “28 May” stansiyası, H2 isə 15 dəqiqəlik intervalla metronun “Əhmədli” stansiyası marşrutları üzrə fasiləsiz xidmət göstərəcək. Gediş haqqı ödənişsiz olacaq.
Sərnişinlərdən mümkün nəqliyyat məhdudiyyətlərini nəzərə alaraq, uçuşdan ən azı 3 saat əvvəl hava limanında olmaları və vaxt itkisini azaltmaq üçün onlayn qeydiyyatdan keçmələri xahiş edilir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu, COP29 dövründə yüksək sərnişin axını zamanı fasiləsiz və keyfiyyətli xidmətin təmin olunması üçün gücləndirilmiş iş rejimində bütün zəruri tədbirləri görməkdədir.